Şəkərli diabetlə şəkərsiz arasında fərqlər - Endokrinoloqdan açıqlama

  • 2021.11.20 16:19
  • 1846 Baxış
Şəkərli diabetlə şəkərsiz arasında fərqlər -  Endokrinoloqdan açıqlama
Diabet bir çox ölümcül xəstəliyin meydana gəlməsində əsas rol oynayan və bütün dünyada geniş yayılan xəstəlik növlərindən biridir. Hər il minlərlə insan diabet xəstəliyi ilə mübarizə aparır.

Medicina.az xəbər verir ki, Türkiyə və Avropa Endokrinoloqlar Cəmiyyətinin və işçi qruplarının həqiqi üzvü, həkim-endokrinoloq Dr. Hidayət Məmmədzadə şəkərli diabetdən əlavə şəkərsiz tipin də olduğunu açıqlayıb.

" Şəkərli diabetlə şəkərsiz diabetin ancaq adları bir-birinə bənzəyir. Lakin onlar tamamilə fərqli xəstəliklərdir. Şəkərli diabet mədəaltı vəzidə insulin hormonunun çatışmazlığı və ya təsirinin az olması ilə xarakterizə olunan bir xəstəlikdir. Şəkərsiz diabet isə hipofiz vəzi ilə əlaqədardır.

Çünki bizim beynimizin mərkəzi endokrin orqanı olan hipofiz vəzi xüsusi bir hormon - antidiuretik hormon ifraz edir. Bu hormonun çatışmazlığı nəticəsində şəkərsiz diabet xəstəliyi yaranır. Sözügedən xəstəlikdən əziyyət çəkən şəxslərdə suya tələbat çox olur. Yəni, bəzən gün ərzində 20 litrə qədər su içən xəstələrə rast gəlirik.

Bu da həmin xəstənin çox sidiyə çıxmasına gətirib çıxarır. Nəticədə, onun həyat keyfiyyəti ciddi şəkildə pozulur. Son olaraq onu deyə bilərəm ki, hər iki xəstəliyin müalicəsi mümkündür. Bu xəstəliklər həmişə məhz həkim-endokrinoloqlar tərəfindən nəzarətdə saxlanılmalıdır". /publika.az/