Silikon bişirmə qablarının təhlükəli olduğu sübut olundu

  • 2025.10.13 13:33
  • 69 Baxış
Silikon bişirmə qablarının təhlükəli olduğu   sübut olundu


Silikon çörək və şirniyyat bişirmə qabları qidaya təhlükəli maddələr buraxır.

“Medicina” xəbər verir ki, Vaterloo Universitetinin (Kanada) alimləri silikon qablar qızdırılan zaman siloksanlar adlanan potensial təhlükəli maddələri buraxdığını aşkar ediblər.


Bunlardan bəziləri bədəndə toplana və hormonal sistemə təsir göstərə bilər.
Tədqiqatçılar qrupu pərakəndə mağazalarda mövcud olan 25 növ silikon qəlibləri sınaqdan keçirib. Bütün nümunələrdə materialın hər qramında 4300 mikroqrama qədər siloksan var idi. Çörək bişirmə zamanı mətbəx havasında bu maddələrin konsentrasiyası bir saat ərzində 1 kubmetrdə 646 mikroqrama çatıb, qida məhsullarında isə yol verilən həddi xeyli keçib.

Alimlərin hesablamalarına görə, həm mətbəx tüstüsünü udmaq, həm də belə qablarda hazırlanmış xörəkləri yemək zamanı silikonlara məruz qalma riski gənc uşaqlar arasında ən yüksəkdir.

Tədqiqatçılar xüsusilə ağır siloksanların (məsələn, D7-D16) təhlükəsini qeyd etdilər. Bu birləşmələr deqradasiyaya davamlıdır və bədən toxumasına nüfuz etdikdə ağır siloksanlar zamanla toplana bilər. Əvvəlki tədqiqatlar göstərdi ki, bu maddələr endokrin pozucu xüsusiyyətlərə malikdir, hormonal balansda dəyişikliklərə səbəb olur.


Alimlər həmçinin qeyd ediblər ki, silikon qabların təkrar istifadəsi sərbəst buraxılan birləşmələrin səviyyəsini azaldır, lakin xüsusilə uzun müddət və ya yüksək temperaturda qızdırma zamanı onları tamamilə yox etmir.

Aygün Musayeva