Sumqayıtdakı qadın bu iynədən ölüb - Çin istehsalıdır?

  • 2025.11.26 16:08
  • 162 Baxış
Sumqayıtdakı qadın bu iynədən ölüb  - Çin istehsalıdır?


Dünən 1953-cü il təvəllüdlü şəxs (qadın) yüksək təzyiq şikayəti ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.

Və orada xəstəyə iynə otağında iynə vurulub. İynədən dərhal sonra qadın ölüb.

“Medicina.az” xəbər verir ki, TƏBİB-in məlumatında xəstəyə Aktoseril adlı preparat vurulduğu bildirilib.


Xəstəyə həkim təyinatı əsasında "Aktoseril" preparatının inyeksiyası icra edilib.

İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib.


Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 11:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Medicina.az Aktoseril dərmanını araşdırıb.

Sözükeçən dərmanın yüksək təzyiq anında vurulması bir qədər şübhə yaradır.

Aktoserilin təyinatında yara və yanıq yaralarının müalicəsində, eləcə də sinir xəstəliklərində, qanda oksigen yetməzliyi, qan dövranı pozulmasında, hüceyrə metobolizmini yaxşılaşdıran preparat kimi təsnif olunub.


Məşhur Rusiya istehsalı Aktovegin inyeksiyasının analoqudur. Adətən bizim həkimlər onu şəkər, insult xəstələrinə, yaşlı adamlara beyin qan dövranı üçün təyin edirdilər.

Azərbaycanda onlayn dərman apteklərində Aktoserilin Çin istehsalı olduğu qeyd olunub.

Aktoserilin Azərbaycan dərman bazarına necə, hansı məqsədlə daxil olduğu bizə qaranlıq qaldı.

Çox güman ki, xəstə yüksək hipertoniya krizi zamanı əraziyə yaxın mərkəzə gəlib və həkimin ona müalicə üçün yazdığı Aktosermini təqdim edərək inyeksiya etdirib. Aktoserminin xəstələrə təsiri, müalicələrdə istifadəsi, effekti barədə dəqiq məlumat yoxdur.

Aygün Musayeva