Sumqayıt şəhərində təcili yardım xidmətində həkim çatışmazlığı ilə bağlı iddialar yayılıb.
Medicina.az xəbər verir ki, oxu.az-a müraciət edən sakinlərin sözlərinə görə, təcili yardım briqadalarının sayı azaldılıb və bu səbəbdən bütün çağırışlara operativ getmək mümkün deyil.
İddiaya əsasən, təxminən 500 min nəfər əhalisi olan Sumqayıtda hazırda cəmi 7-8 təcili yardım həkimi fəaliyyət göstərir.
Şikayətçilərdən biri qeyd edib ki, dünən təcili yardıma müraciət etsə də, cavab ala bilməyib, 40 dəqiqə sonra "103" xidmətindən briqadanın gələ bilməyəcəyi bildirilib. Səbəb kimi ağır xəstələrin prioritet qaydada daşınması və briqadaların növbəli şəkildə göndərilməsi göstərilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin sözçüsü Nəzrin Adıgözəlzadə Oxu.Az-ın sorğusunu belə cavablandırıb:
"Həkimlərin sayının azaldılması ilə bağlı səslənən fikirlər doğru deyil. Əksinə, həkim sayının artırılması istiqamətində işlər görülür".
medicina.az