Tələbələr arasında psixoloji problemlər artıb - Psixoloq

  • 2026.05.05 15:14
  • 172 Baxış
Tələbələr arasında psixoloji problemlər artıb -  Psixoloq

Tədris Cərrahiyyə Klinikasının psixoloqu İlahə Hacıyeva universitet tələbələri arasında psixoloji problemlərin artdığını diqqətə çatdırıb.

Medicina.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə stress, narahatlıq və özünə inamın azalması gənclər arasında geniş yayılıb.

Psixoloq bildirib ki, tələbələr arasında ən çox rast gəlinən problemlərin başında məhz stress və narahatlıq dayanır. “Xüsusilə imtahan dövründə yüksək gözləntilər, zaman çatışmazlığı və ailə təzyiqi tələbələrdə ciddi psixoloji gərginlik yaradır. Bu isə yuxu pozuntuları, diqqət dağınıqlığı və emosional gərginliklə müşahidə olunur”, – deyə o qeyd edib.

İ. Hacıyeva əlavə edib ki, tələbələr arasında özünə inamın aşağı olması və özünü qiymətləndirmə problemləri də geniş yayılıb. Onun sözlərinə görə, akademik uğursuzluq çox vaxt şəxsi dəyər problemi kimi qəbul olunur və bu da motivasiya itkisinə səbəb olur.
Psixoloq birinci kurs tələbələrinin adaptasiya çətinliklərinə də diqqət çəkib: “Yeni mühitə uyğunlaşmaqda çətinlik tənhalıq hissi və sosial problemlər yarada bilər”. O bildirib ki, bəzi hallarda problemlərin kökü uşaqlıq dövründə yaşanan travmalarla bağlı olur və universitet dövründə daha qabarıq şəkildə üzə çıxır.
Mütəxəssis müasir dövrdə sosial medianın təsirinə də toxunaraq qeyd edib ki, sosial müqayisə tələbələrdə özgüvən problemlərini daha da dərinləşdirir. Gələcəklə bağlı qeyri-müəyyənlik və qorxu da gənclər arasında geniş yayılıb.

Sonda psixoloq profilaktik yanaşmanın vacibliyini önə çəkib. Onun sözlərinə görə, əsas məqsəd yalnız problem yarandıqdan sonra müdaxilə etmək deyil, daha çox erkən mərhələdə psixoloji dəstək göstərmək, tələbələrin emosional savadlılığını artırmaq və stressin idarə olunmasına kömək etməkdir.