Telefonun mavi işığı yuxusuzluğa səbəb olur - Nevroloq

  • 04 Dek 2021 16:16
  • 558 Baxış
Telefonun mavi işığı yuxusuzluğa səbəb olur   - Nevroloq

Yuxusuzluğun yaranma səbəbi haqqında məlumat verən Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova deyib:

“Bu, həm fizioloji, həm də psixoloji səbəblə əlaqədar ola bilər. Fizioloji səbəblərə treoid, mədə-bağırsaq sistemi, ürək xəstəlikləri yuxu problemlərinə səbəb ola bilir. Bunlardan əlavə olaraq bəzən çoxlu düşünmək, narahat ayaqlar, yuxunun müxtəlif mərhələlərində meydana çıxan hadisələr də yuxu problemi yarada bilər”.


Mobil qurğulardan gələn qısa dalğalı mavi işıq da yuxu rejimini pozan əsas səbəblərdəndir. Həkimlər azyaşlılara yatmağa bir saat qalmış mobil telefon verməməyi, bütün elektron qurğuları söndürməyi tövsiyə edir.

Amma bəzən bunun əksi də baş verir. Gün ərzində tez-tez yuxusu gələnlərlə rastlaşırıq. Əsasən də soyuq qış günlərində isti yataqdan durmaq onlar üçün əsl işgəncəyə çevrilir. Günün istənilən vaxtında və istənilən vəziyyətdə yata bilirlər. Mütəxəssislər bunu günəş işığı və monoton həyat tərzi ilə əlaqələndirirlər.

“Melotonin deyilən hormon var və onun miqdarı işıqda azalır, qaranlıqda isə artır. Qış fəslində günün qısalması, gecələrin daha uzun olması yuxuya meyilliliyi daha da artırır. Qış aylarında hərəkətlərdə bir monotonluq yaranır. Bunların hamısı yuxululuq, motivasiya hallarının və yeni bir həyəcanın olmaması yuxuya meyil yaranmasına səbəb olur”,- həkim-nevropatoloq bildirib.


Havalar soyuduqca orqanizmin müqaviməti də azalır. Kifayət qədər günəş enerjisi qəbul etməyən bədənin bioloji saatı pozulur, davamlı olaraq yatmaq istəyir. Bunun həlli yolu isə hər gün bir saat günəşli havada gəzməkdir.