Müasir həyatın sürətli tempi, iş təzyiqi və davamlı stres bir çox insanı fərqinə varmadan tükənmə həddinə gətirib çıxarır. Bu vəziyyət tibbdə “tükənmə sindromu” (burnout) və “xroniki yorğunluq sindromu” kimi tanınır. Hər iki hal bir-birinə bənzəsə də, aralarında müəyyən fərqlər var.
Medicina.az xəbər verir ki, tükənmə sindromunda əsasən psixoloji və emosional əlamətlər ön plana çıxır. İnsan özünü davamlı yorğun, halsız hiss edir, iş qabiliyyəti azalır və stresə qarşı dözümlülük zəifləyir. Xroniki yorğunluq sindromunda isə vəziyyət daha çox fiziki simptomlarla müşayiət olunur — əzələ ağrıları, zəiflik və hərəkət qabiliyyətində azalma kimi problemlər daha qabarıq olur.
Alimlər bu sindromların yaranma mexanizmini tam izah edə bilməsələr də, bir məsələ ilə bağlı ortaq fikir var: psixoloji stres burada əsas rol oynayır. Uzunmüddətli stres orqanizmdə “oksidativ stres” adlanan prosesi gücləndirir. Bu isə hüceyrələrə zərər verir və iltihabi reaksiyaları artırır.
Araşdırmalar göstərir ki, xüsusilə iş mühitində uzun müddət davam edən stres tükənmə sindromunu tetikleyen əsas amillərdən biridir. Bu vəziyyət çox vaxt depressiya və ümumi yorğunluq hissi ilə də müşayiət olunur.
Maraqlı nəticələrdən biri yüksəkdozalı vitamin C ilə bağlıdır. Aparılmış bir tədqiqatda sağlam ofis işçilərinə venadaxili yüksəkdozalı vitamin C verildikdən sonra onların yorğunluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Eyni zamanda, orqanizmdə oksidativ stres göstəriciləri də azalıb. Xüsusilə, bədənində vitamin C səviyyəsi aşağı olan şəxslər bu müalicədən daha çox fayda görüb.
Yorğunluq yalnız sağlam insanlarda deyil, onkoloji xəstələrdə də ciddi problem hesab olunur. Araşdırmalar göstərir ki, belə hallarda da yüksəkdozalı vitamin C infuziyaları müəyyən müsbət təsir göstərə bilər.
Tükənmə sindromu olan insanlarda oksidativ stresin yüksək olması ürək-damar xəstəlikləri riskini artırır. Qadınlarda isə insult ehtimalının yüksəlməsi ilə əlaqələndirilir. Bu da problemin sadəcə psixoloji deyil, eyni zamanda fiziki sağlamlıq üçün də təhlükəli olduğunu göstərir.
Çox vaxt tükənmə və xroniki yorğunluq eyni insanda birlikdə müşahidə olunur. Simptomlar ağırlaşdıqca, orqanizmdə oksidativ stresin səviyyəsi də artır. Xroniki yorğunluq sindromu olan insanlarda fiziki fəaliyyət qabiliyyəti məhdudlaşır və əzələlər oksidativ zədələnməyə məruz qalır.
Mütəxəssislər bu sahədə antioksidantların, xüsusilə də yüksəkdozalı vitamin C-nin roluna böyük ümid bəsləyirlər. Çünki araşdırmalar göstərir ki, bu xəstələrdə fiziki gərginlik zamanı vitamin C daha sürətlə sərf olunur. Hətta heyvanlar üzərində aparılan tədqiqatlar antioksidant terapiyanın faydalı ola biləcəyini artıq təsdiqləyib.
Tükənmə və xroniki yorğunluq sindromları sadəcə “yorğunluq” deyil — bunlar həm psixoloji, həm də fiziki sağlamlığa təsir edən ciddi hallardır. Bu səbəbdən erkən mərhələdə stresin idarə olunması, həyat tərzinin balanslaşdırılması və lazım gəldikdə mütəxəssisə müraciət etmək böyük əhəmiyyət daşıyır.
Aygün
Medicina.az