Külli miqdarda qeydiyyatsız dərman vasitələrinin və digər malların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı cinayət işi üzrə hökm elan edilib.
Medicina.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı müəyyən olunub ki, Azərbaycan və Türkiyə vətəndaşları əvvəlcədən əlbir olaraq ölkəyə dövlət qeydiyyatından keçməmiş dərman preparatlarını, tibbi ləvazimatları, kosmetik vasitələri və digər məhsulları qanunsuz şəkildə keçirməyə cəhd ediblər.
İş materiallarına əsasən, qaçaqmalçılıq yolu ilə Türkiyədən ölkəmizə gətirilməsinə cəhd göstərilən malların ümumi dəyəri 131 min 636 manat 80 qəpik təşkil edib. Siyahıda "Janumet", "Levemir FlexPen", "Toujeo", "Keppra", "Lamictal", "Paxil", "Madopar", "Forziga", "Trajenta", "Octagam" kimi müxtəlif dərman preparatları ilə yanaşı, stomatoloji materiallar, kosmetik vasitələr, parfümeriya məhsulları, kimyəvi maddələr və digər mallar da yer alıb.
İttihama görə, Azərbaycan vətəndaşı idarə etdiyi "Volvo" markalı yük avtomobilinin qoşqusunda gizlətdiyi malları Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda gömrük təminatını pozaraq çıxarıb və Türkiyə vətəndaşının idarə etdiyi "Iveco" markalı yük avtomobilinə yerləşdirib. Məqsəd həmin malları gömrük nəzarətindən gizli şəkildə postun ərazisindən çıxarmaq olub. Lakin gömrük əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Iveco" markalı yük avtomobili postu tərk edərkən saxlanılıb. Baxış zamanı avtomobildən iki karton qutu, sellofan torbalar və plastik qablarda gizlədilmiş çoxsaylı dərman preparatları, kosmetik vasitələr və digər məhsullar aşkar edilərək götürülüb.
Məhkəmədə ifadə verən Azərbaycan vətəndaşı bildirib ki, İstanbulda tanış olduğu Mehmet adlı şəxsin xahişi ilə həmin malları Azərbaycana gətirməyə razılıq verib. Onun sözlərinə görə, bunun müqabilində 1500 ABŞ dolları almalı idi. O, daha sonra malları digər sürücünün avtomobilinə yerləşdirdiyini etiraf edib və əməlindən peşman olduğunu deyib. Türkiyə vətəndaşı isə ifadəsində əvvəlcə bağlamaların içərisində nə olduğunu bilmədiyini, sonradan onların dərman və kosmetik vasitələr olduğunu gördüyünü bildirib. O, tanışına kömək etdiyini və törətdiyi əmələ görə peşman olduğunu deyib. İş üzrə dindirilən gömrük əməkdaşları və digər şahidlər də əməliyyat zamanı avtomobildə gizlədilmiş malların aşkar olunduğunu, onların gömrük orqanına bəyan edilmədiyini və gömrük nəzarətindən kənar keçirilməsinə cəhd göstərildiyini təsdiqləyiblər.
Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilib. Hökmə əsasən, Azərbaycan vətəndaşına qeyd olunan maddələr üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, səmimi peşman olması, ailədə yeganə qazanc gətirən şəxs olması və digər yüngülləşdirici hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzanın şərti çəkilməsi qərara alınıb.
Həmçinin onun üzərinə sınaq müddəti ərzində probasiya orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub. Türkiyə vətəndaşına münasibətdə isə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edib. Ona Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 4 min manat, 206.3.2-ci maddəsi ilə isə 7 min manat cərimə təyin olunub. Cinayətlərin məcmusu üzrə qəti cəza əvvəlcə 11 min manat müəyyən edilsə də, onun 2 gün həbsdə saxlanılması nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən cərimə 10 min manata endirilib. Məhkəmə həmçinin qərara alıb ki, Türkiyə vətəndaşı cəriməni tam ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada çıxarılsın.
Bundan başqa, onun Azərbaycana gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılıb.
medicina.az