Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlərin gələcəyi təhlükədədir – Çağırış

  • 2026.07.13 17:56
  • 591 Baxış
Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlərin gələcəyi təhlükədədir  – Çağırış

Türkiyədə oxuyan, çalışan gənc assistant həkimlərin gələvək taleyi təhlükədədir. Səhiyyəmizin sabahı olan idealist, iş həyatının sonuna qədər 11+2 il təhsil almalarına rəğmən durmadan oxuyan, öyrənən gənc təbiblərimizin başı bəladadır.

Bu yazını rəsmi qurumlarımıza – Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna ünvanlayıram

Bu yazıdakı məqsədim qardaş Türkiyə Respublikasında uzmanlıq (rezidentura) təhsili alan və gələcəkdə ölkəmizin tibb sahəsinə böyük töhfələr verməyə hazırlaşan minlərlə gənc azərbaycanlı “asistan həkimin” qarşılaşdığı ciddi hüquqi və sosial problemə diqqətinizi cəlb etməkdir.


Medicina.az xəbər verir ki, bu müraciəti Türkiyədə yaşayan tanınmış jurnalist İbrahim Nəbioğlu yayıb.

Hazırda Türkiyənin aparıcı tibb universitetlərində və dövlət xəstəxanalarında uzmanlıq təhsili alan əcnəbi həkimlərin təxminən 85-90 faizini Azərbaycan Respublikasının vətəndaşı olan gənclər təşkil edir. Bu gənclər ağır iş şəraitində, gərgin növbə qrafikləri ilə çalışaraq, həm böyük təcrübə qazanır, həm də çalışdıqları səhiyyə müəssisələrində insan həyatının xilası naminə fədakarlıq nümayiş etdirirlər.

"Türkiyə Böyük Millət Məclisinə (TBMM) 02.07.2026-cı il tarixində təqdim edilən 117 sıra nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi bu gənclərin gələcəyini və təhsillərini davam etdirmək imkanlarını ciddi təhlükə altına qoyur. Belə ki, qanun layihəsində nəzərdə tutulan yeni tənzimləmə əcnəbi asistan həkimlərin çalışdıqları xəstəxanaların dövriyyə kapitalından (döner sermaye) əlavə ödəniş almasının qarşısını almağı hədəfləyir.
Türkiyədəki mövcud iqtisadi şərait, yüksək kirayə və yaşayış xərcləri fonunda asistan həkimlərin aldığı baza təqaüdünün minimal yaşayış ehtiyaclarını belə qarşılamadığı hər kəsə məlumdur. Dövriyyə kapitalından edilən ödənişlər bu gənclər üçün əlavə gəlir deyil, onların ağır əməyinin qarşılığı və təhsillərini yarımçıq qoymamalarının yeganə maddi dayağıdır. Həmçinin, bu tənzimləmə Türkiyə Konstitusiya Məhkəməsinin 28.06.2022-ci il tarixli (2019/39033 nömrəli) bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı qəbul etdiyi rəsmi qərara da tamamilə ziddir.


Türkiyədə təhsil alan bu gənclər bizim gələcək intellektual və tibbi kapitalımızdır. Qanun layihəsinin bu şəkildə qəbul edilməsi minlərlə azərbaycanlı gəncin maddi imkansızlıq səbəbindən uzmanlıq təhsilini yarımçıq qoymasına, mənəvi sarsıntı keçirməsinə və böyük kadr itkisinə yol aça bilər.
Müvafiq qurumların Türkiyədəki həmkarları ilə mövcud sıx və səmimi münasibətlərini bildiyim üçün sizdən bu məsələyə təcili reaksiya verməyinizi xahiş edirəm.


Türkiyə Böyük Millət Məclisinə 02.07.2026-cı il tarixində təqdim edilən 117 sıra nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi bu gənc həkimlərin gələcəyinə birbaşa təsir edə biləcək məzmuna malikdir.

Bu gün Türkiyənin müxtəlif səhiyyə qurumlarında çox sayda əcnəbi asistan həkim tibb və diş həkimliyi üzrə uzmanlıq təhsili alır. Onlar əməkhaqqı almadan, ağır növbələrdə çalışır, xəstə baxır, tibbi prosesin içində yer alır və çalışdıqları qurumların dövriyyə kapitalına real töhfə verirlər. Buna baxmayaraq, onların əsas gəlir mənbələrindən biri hazırda təxminən 17.900 TL (647 AZN) təşkil edən ödənişdir.

Türkiyə şəraitində kirayə, qida, nəqliyyat və gündəlik yaşayış xərcləri nəzərə alındıqda bu məbləğin yetərli olmadığı aydındır. Məhz buna görə dövriyyə kapitalından edilən əlavə ödənişlər bu gənclər üçün sadəcə “əlavə gəlir” deyil, təhsillərini davam etdirə bilmələrinin əsas dayaqlarından biridir. Çünki bu ödəniş onların gördüyü işin, klinik xidmətə verdiyi əməyin və quruma qazandırdığı real töhfənin qarşılığıdır. Bu məsələ daha əvvəl Türkiyə Konstitusiya Məhkəməsinin də gündəmində olub.


Türkiyə Konstitusiya Məhkəməsinin 2019/39033, 28.06.2022-ci il tarixli qərarında bildirilib ki, Türkiyə vətəndaşı olan uzmanlıq tələbələri ilə əcnəbi vətəndaş olan uzmanlıq tələbələri gördükləri iş baxımından oxşar vəziyyətdədirlər. Hər iki qrup eyni səhiyyə sistemində çalışır, eyni məsuliyyəti daşıyır və dövriyyə kapitalına töhfə verir. Buna görə də onların dövriyyə kapitalından əlavə ödəniş almaq hüququ baxımından fərqli rəftara məruz qalması ayrı-seçkilik kimi qiymətləndirilib.

Lakin yeni qanun təklifində yer alan 1-ci maddə faktiki olaraq əcnəbi asistan həkimlərin dövriyyə kapitalından əlavə ödəniş almasının qarşısını ala bilər. Bu isə həm Konstitusiya Məhkəməsinin əvvəlki hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir, həm də illərdir böyük fədakarlıqla çalışan gənc həkimlərin sosial vəziyyətini daha da ağırlaşdırır. Bu tənzimləmənin qəbul olunması bir çox asistan həkimi ciddi maddi çətinliklə üz-üzə qoya bilər.
Yaşayış xərclərini qarşılamaqda çətinlik çəkən bu gənclər üçün belə bir qərar təhsilin keyfiyyətinə mənfi təsir göstərə, hətta bəzi hallarda uzmanlıq təhsilinin yarımçıq qalmasına səbəb ola bilər. Məsələnin Azərbaycan üçün xüsusi önəmi var.

Hazırda Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı gənclərin böyük bir hissəsi təhsili tamamladıqdan sonra vətənə qayıdaraq Azərbaycan səhiyyəsinə xidmət etməyi qarşısına məqsəd qoyub. Unutmaq olmaz ki, uzmanlıq təhsili yalnız dərs və imtahanlardan ibarət deyil. Bu, gecə növbələri, məsuliyyətli tibbi qərarlar, insan həyatı qarşısında daşıdığı böyük yük və davamlı peşəkar inkişaf deməkdir. Bu qədər ağır bir yolun içində gənc həkimlərin əməyinin qarşılığından məhrum edilməsi nə hüquqi, nə də vicdani baxımdan ədalətli görünür.

Bu səbəbdən 117 sıra nömrəli qanun təklifində yer alan 1-ci maddənin layihə mətnindən çıxarılması vacibdir. Çünki bu məsələ yalnız bir ödəniş məsələsi deyil; bu, fədakarlıqla çalışan, öyrənən və gələcəkdə həm Türkiyə, həm də Azərbaycan səhiyyəsinə töhfə verməyə hazırlaşan gənc həkimlərin əməyinə verilən dəyər məsələsidir”.


Aygün Musayeva
medicina,az