Bir neçə gün əvvəl Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən - qapalı ürək masajı, inotrop dəstək, tənəffüs yollarının intubasiyası və süni ventilyasiya tətbiqindən sonra yenidən həyata qaytarılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Qeyd olunub ki, bu kimi hallarda 5-ci dəqiqdən sonra beyin ölümü gerçəkləşməyə başlayır. Sosial şəbəkə istifadəçiləri beyin ölümünün həyata keçməməsini möcüzə adlandırıblar.
Medicina.az xəbər verir ki, məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, xəstə üzərində 45 dəqiqə ərzində bütün reanimasiya tədbirləri aparılıb.
"Yardımlar vaxtında olduğu üçün xəstədə qeyri-dönməz hallar baş verməyib. Beyin ölümü olması üçün həmin orqanın qan dövranı və oksigenizasiyası pozulmalıdır. Xəstəyə süni tənəffüs aparatı, qapalı masaj fonunda inotrop dəstəyi olduğu üçün beyin ölümü baş verməyib".
medicina.az