Yapon alimləri ürəyin qocalmasını yavaşlatmağın və hətta qismən bərpa etməyin bir yolunu tapıb.
Medicina.az xəbər verir ki, bu barədə RIA Novosti Qakuşuin Universitetinin Təbiət Elmləri Fakültəsinin professoru Şigeru Yanagi məlumat verib.
Yanagi və həmkarları təbii berberin maddəsindən əldə edilən mitorubinin siçanların hüceyrələrinə təsirini araşdırdılar. Onlar bunun bədəndə enerji istehsalından məsul olan mitoxondrilərin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını aşkar etdilər.
"Mitoxondrilər hüceyrə üçün bir növ "elektrik stansiyası" kimi çıxış edir, lakin yaşla onların sayı azalır və funksiyaları zəifləyir", - deyə alim izah etdi.
Tədqiqat nəticəsində alimlər mitorubinin "mitoxondrial keyfiyyətə nəzarət sistemi" olan və yaşla azalan MİTOL molekullarını artırdığı qənaətinə gəliblər. Nəticə etibarilə, mitorubin həmçinin mitoxondrilərin enerji istehsal etmək qabiliyyətini artırır.
"Bundan əlavə, onların [mitoxondriyanın] sayı da artır. Beləliklə, heyvan modeli ürək funksiyasının yaşla bağlı azalmasını yavaşlatmaq və ya yaxşılaşdırmaq ehtimalını nümayiş etdirir".
Lakin nəticələr yalnız heyvan təcrübələrində əldə edilib, buna görə də eyni təsirin insanlarda baş verib-verməyəcəyini müəyyən etmək üçün əlavə sınaqlar tələb olunur.
Mitoxondrial funksiyanın azalması bir çox yaşla əlaqəli xəstəliklərin əsasını təşkil edir və tədqiqatın uğurlu nəticələri yeni terapevtik strategiyaların hazırlanmasına səbəb ola bilər.
Aygün Musayeva