Uşağı saatlarca günün altında saxlamaq olmaz, xərçəng yaradır – Həkim

  • 2022.06.08 16:43
  • 3186 Baxış
 Uşağı saatlarca günün altında saxlamaq olmaz, xərçəng yaradır   –  Həkim

“Bəzən valideynlər yazda, yayda uşaqları möhkəmlənsin, D vitamini alsın deyə gündüzlər qızmar gün altında gəzdirir, saxlayır. Bunun necə təhlükəli olduğundan xəbərsizdirlər”.


Bakupost.az xəbər verir ki, Səhiyyə nazirliyinin eksperti, terapevt Zakir Quliyev günəş şüalarının dəridə xərçəng yaratmasından danışıb.

“Günün elə saatı var ki, günəş şüaları Yerə meyilli düşür, elə saatlar var düz, dikinə düşür. Biz günəşlənmək və D vitamini almaq üçün meyilli şüalanma saatlarından istifadə etməliyik. Düz istiqamətdə Yerə düşən şüalardan uzaq durmaq lazımdır.

Bunun 2 əsas fəsadı var:
qısamüddətli kəskin fəsadı günvurma, istilik vurma, günəş yanıqları. İkincisi uzun müddətli və daha gec görünən fəsadlardır. Təəssüflər olsun ki, günəş şüasından uzun müddət doğru istifadə etmədikdə melanoma - dəri xərçəngi riski artır.

Ona görə günəş işığının zərərlərini də valideynlər bilməlidir. Hər bir ölkədə bu saat və dərəcə fərqlidir.
Azərbaycanda səhər saat 11:00-dan 16:00-a qədər günəş şüaları düz düşdüyünə görə, bu saatlarda açıq havada olmağı tövsiyə etmirik”.