Uşaq həkim səhvindən problemli doğulub? - "Məlhəm" hospitaldan şikayət

  • 2025.10.01 21:20
  • 162 Baxış
Uşaq həkim səhvindən problemli doğulub? -  "Məlhəm" hospitaldan şikayət

"Təxminən on gün öncə bacım Gülənay Məmmədovanın “Məlhəm” hospitalda ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu”.

Medicina.az xəbər verir ki, bu barədə jurnalist Ulucay Akif sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var:

“Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. “Məlhəm” hospitalı özü də bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır neçə gündür. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.

Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik”.



Şikayətçi qeyd edib ki, həkim problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanması ilə əlaqələndirib:

“Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində, həmçinin “Məlhəm” hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib. Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi. Hazırda “Məlhəm” hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də...”



Doğuşu həyata keçirən həkim-ginekoloq Pərvin Xəlilova məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verib:

“Pasiyent bizim çox sevimli işçimizdir. Mən onu anlayıram. Ana olub və nəticə uğursuz olduğuna görə, emosional reaksiyalar təbiidir. Amma burada belə bir məqam var: 20 ildir bu sahədəyəm, hələ belə hadisə ilə qarşılaşmamışam. Kitablarda və ədəbiyyatlarda oxumuşdum, lakin praktikamda ilk dəfədir. Son ana qədər uşağın ürək vurğusu normal olub, heç bir problem müşahidə edilməyib. Doğuş zamanı məlum oldu ki, uşaq həm iki dəfə dolanma, həm də həqiqi düyünlə doğulub. Məhz bu düyün son 4-5 dəqiqədə uşağa boğulma effekti yaradıb. Nəticədə beyin işemiyası ocaqları meydana çıxıb.

Biz ailəyə izah etdik ki, qidalanma pozuntusu da bu səbəbdən baş verib. Normalda iki dəfə dolanma olduqda əməliyyata keçmirik. Protokola görə, ancaq ürək döyüntüsündə problem yaranarsa, təcili əməliyyat edilir. Bu halda isə belə hal olmayıb. Ana nəzarət altında idi, sadəcə doğum gücü zəifliyi vardı.

Doğuşun sonunda epiziotomiya etdik, amma uşaq doğulduqdan sonra ağlamadı. Göbək bağına baxanda düyün və dolanma aşkar olundu. Hazırda uşağın durumu nəzarətdədir, aparatdan ayrılıb, irəliləyiş var. Amma beyin işemiyası nəticəsində müəyyən ocaqlar qalacaq”.



Həkim qeyd edib ki, doğuş normal keçib, anada qanaxma və fəsad olmayıb:

“Protokollara görə bəzi hallarda maşa ilə müdaxilə olunur, amma burada buna ehtiyac olmayıb. Burada həkim səhvi yoxdur, çünki həqiqi düyünü ultrasəs müayinəsi ilə görmək mümkün deyil, yalnız doğuş zamanı aşkarlanır. Xəstəxananın rəhbərliyi uşağı tamamilə təmənnasız nəzarətə götürüb. Mən də doğuşu pulsuz icra etmişəm, çünki pasient bizim əməkdaşımızdır. Hazırda bütün imkanlar səfərbər olunub”.



"Məlhəm" hospitalının baş icraçı direktoru Sevda Əlizadə Oxu.az-a açıqlamasında deyib ki, Gülənay Məmmədova özü də xəstəxana işçisidir .

"Gülənay xanım bizim tibb bacımızdır. Xanımın övladı göbək ciyəsinin iki dəfə dolanması ilə dünyaya gəlib. Təbii doğuşa ana öz istəyi ilə gedib. Doğuş vaxtı ananın gücü tükəndiyi üçün güc verməkdən imtina edib və həmin anda həkim uşağı xilas edib. Uşaq asfiksiya (kəskin tənəffüs çatışmazlığı) ilə doğulub və küvəzə qoyulub; intubasiya olunub, süni tənəffüs aparatına qoşulub.Həm Gülənay xanımla, həm onun həyat yoldaşı ilə, həm də xanımın qardaşı Ulucay bəylə dəfələrlə danışmışam. Bildirmişəm ki, əgər bizdən şübhəniz varsa, haqqınız var - hüquq-mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə müraciət edin. Xəstəxana olaraq səhvimiz varsa, qanun qarşısında cavab verəcəyik. Amma hədə-qorxu, mətbuat və sosial şəbəkələr vasitəsilə təzyiq olmamalıdır. Əgər həmin orqanlar bizi günahkar sayarsa, ondan sonra siz sosial şəbəkədə paylaşa bilərsiniz", - deyə S.Əlizadə vurğulayıb.

İcraçı direktor bildirib ki, Gülənay xanım və ailəsi uşağı süni tənəffüs aparatından ayırıb onlara verilməsini tələb edirdilər:

"Mən bildirdim ki, mənim (xəstəxananın - red.) belə bir ixtiyarım yoxdur. Nazirlər Kabinetinin beyin ölümünü təsdiq edən protokolu var. Bu protokola əsasən beyin ölümü müəyyən testlərlə təsdiqlənməlidir. Hazırda uşaqda beyin ölümü diaqnozu yoxdur, ona görə də biz uşağı aparatdan ayırıb valideynə verə bilmərik. Bu uşaq nə "Məlhəm"in, nə də valideynin şəxsi mülkiyyətidir - o, Azərbaycan vətəndaşıdır və dövlətin tənzimləmələri var. Biz buna görə dövlət qarşısında məsuliyyət daşıyırıq.

Ulucay bəy isə mənə dedi ki, bəlkə xəstəxananın marağı var, ona görə uşağı saxlayırsınız? Cavab verdim ki, əgər həkimimizin səhvi varsa, biz bunun məsuliyyətini daşımağa hazırıq, əks halda niyə uşaq orada saxlanmalıdır?"

S.Əlizadə onu da vurğulayıb ki, körpə üçün bu günə qədər ailə tərəfindən heç bir ödəniş edilməyib:

"Bugünkü gün onun xəstəxana xərci 6 155 manatdır. Ailə bu məbləgi ödəmir və uşağı dövlət xəstəxanasına köçürməyimizə icazə vermir. Qanuna əsasən də biz ailənin razılığı olmadan köçürmə edə bilmərik.

Xəstəxana humanist addım olaraq bütün işçilərlə münasibətlərini qoruyur. Biz hər bir xidmət üçün maddi ödəniş alırıq və yalnız sərfiyyatı ödədikləri məbləği tələb etmişik.

Məsələn, qeysəriyyə xidmətimizin qiyməti 1 400 manatdır, Gülənay xanımdan isə yalnız dərman və sərfiyyatlar üçün təxminən 500 manat alınıb. Uşaq üçün bu günə qədər ailə tərəfindən heç bir ödəniş edilməyib.

Hazırda uşaq reanimasiyada deyil, süni tənəffüs aparatına bağlı deyil, özü nəfəs alır. Uşaq burnundan zond vasitəsilə qidalanır. Uşaqda beyin zədələnməsi olduğu uçun qüsurlu olacaq, amma bu bizə və ailəsinə əsas vermir ki, onun yaşama şansını əlindən alaq. Əgər hər şey bu kimi davam edərsə, böyük ehtimal iki-üç gün sonra uşağı anasına təhvil verə bilərik.

Biz doğuşdan sonra Səhiyyə Nazirliyinə müraciət edib ekspert komissiyasının gəlməsini və eyni zamanda uşağın dövlət xəstəxanasına köcürülməkdə bizə köməklik göstərmələrini istəmişdik. Əgər günahımız, səhvimiz var idisə bunu niyə edirdik? Bizim məqsədimiz uşağı saxlamaq və ya gizlətmək deyil. Uşağın hazırkı vəziyyəti belədir: aparata bağlı deyil, özü nəfəs alır, əl-qolunu hərəkət etdirir, burnundan zondla qidalanır, vəziyyəti ağır deyil, amma gələcək proqnozu mütəxəssislərin qərarına bağlıdır", - deyə S.Əlizadə bildirib.