ÜST-dən kovidlə bağlı HƏYƏCAN TƏBİLİ

  • 12 Noy 2021 16:17
  • 403 Baxış
ÜST-dən kovidlə bağlı HƏYƏCAN TƏBİLİ

Ümumdünya Səhiyyə Təşkilatı həftəlik hesabatında elan edib ki, Avropada COVID-19-dan ölümlər 10% artıb.

Medicina.az xəbər verir ki, hesabata əsasən, 2021-ci ilin 1-7 noyabr həftəsi ərzində dünyada yoluxmalarda 1% artım müşahidə edilib və 3,1 milyondan bir qədər çox yeni yoluxma halı qeydə alınıb.

ÜST-nin Avropa Regional Ofisi isə əvvəlki həftə ilə müqayisədə son həftədə yoluxmaların 7% artdığını, digər regionlar üzrə isə azalma və ya sabit tendensiyaların olduğunu bildirib. Həmçinin Avropada ölümlərin 10% artdığı, digər bölgələrdə isə azalma olduğu qeyd olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe keçən həftə verdiyi açıqlamada Avropada yoluxma hallarının artdığı barədə xəbərdarlıq etmişdi:

“COVID-19 yoluxmaları bir daha rekord səviyyələrə yaxınlaşır. Yenidən episentrdəyik. Bu gün Avropa və Mərkəzi Asiyada hər bir ölkə yeni dalğa təhlükəsi ilə üz-üzədir və ya artıq bununla mübarizə aparır. 53 ölkədə virusun hazırkı yayılma sürəti ciddi narahatlıq doğurur. “Delta” variantı Avropa və Mərkəzi Asiyada üstünlük təşkil etməyə davam edir”.