“Üzün estetik anatomiyası və disseksiyası” adlı kurs keçirildi - Azərbaycanda İLK - FOTO

  • 2022.06.17 14:09
  • 1743 Baxış
“Üzün estetik anatomiyası və disseksiyası” adlı kurs keçirildi -  Azərbaycanda İLK - FOTO
Azərbaycanda ilk dəfə olaraq “Üzün estetik anatomiyası və disseksiyası” adlı disseksiya anatomik kadavr kursu keçirilib.


Medicina.az xəbər verir ki, tədbir Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrası, “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyi və “Aesthetic & Wellness Assosiation” İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.


Bu gün estetik kosmetologiyanın müəyyən aspektlərə görə cərrahi əməliyyatlarla rəqabət apara bildiyini söyləmək mümkünür. Disseksiya kadavrası kursu tətbiqi anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə imkan verən praktiki öyrənmə yanaşmasıdır.



Tədbirdə açılış nitqi ilə "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” ictimai birliyinin sədri Dr. Vaqif Şadlinski və "Aesthetic & Wellness World Academy" və "Aesthetic & Wellness Association" ictimai birliyinin təsisçi Dr. Həcər Cəfərova çıxış etdilər. İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının müdiri Dr. Anar Abdullayev "Üzün İnkişafı. Üz əzələlərinin formalaşması" mövzusundan danışdı.Daha sonra Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Dr. Vaqif Qələndərli “Üzün müxtəlif deformasiyalarının estetik və rekonstruktiv əməliyyatları” mövzu üzrə çıxış etdi.


Kadavra Üzərində Disseksion Nümayiş kurs mütəxəssisi, həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi, “International Academy of Aesthetic Procedures”in üzvü Dr. Səbuhi Əbilov tərəfindən keçirildi.


Onun sözlərinə görə, kursda iştirak edən hər bir mütəxəssis öz peşə fəaliyyətində yüksək nəticələr əldə etmək imkanı əldə edir.


“Kursun iştirakçıları üz anatomiyasının quruluşunu, üzün qan damarlarının mürəkkəb quruluşunu, tənəffüs yollarının quruluşunu birbaşa öyrənmək imkanı əldə edirlər. Siz, əlbəttə ki, bütün bunları kitablardan, video yayımlardan öyrənə bilərsiniz, lakin bu, heç bir halda praktik təcrübənizi əvəz edə bilməz", - deyə Dr. Səbuhi Əbilov bildirib.


Bu kursun estetik kosmetologiya sahəsində çalışan mütəxəssislərə istiqamətlənməsinə baxmayaraq, LOR mütəxəssisləri, stomatoloqlar, cərrahlar, limfoloqlar, patoloqlar, dermatoloqlar, eləcə də Azərbaycan Tibb Universitetinin tələbələri də kursda iştiraka böyük maraq göstəriblər.


Qeyd edək ki, sonuncu kursun həmtəşkilatçısı olan Aesthetic & Wellness Association (Estetik və Sağlamlıq Assosiasiyası) gözəllik və kosmetologiya sənayesi sahəsində mütəxəssisləri və işəgötürənləri birləşdirən peşəkar bir icmadır (Azərbaycan Ədliyyə Nazirliyinin 2021-ci il noyabr tarixli qeydiyyata alınıb ).


Bu Assosiasiya Aesthetic & Wellness World Academy ilə birlikdə SPA sənayesində çalışan mütəxəssislər üçün peşəkar təhsil və qabaqcıl təlim təmin etmək üçün səylər göstərir. Belə ki, ixtisaslaşdırılmış kurslar çərçivəsində artıq onlarla mütəxəssis hazırlanıb.