Uzun yaşamağa yalnız qidaların tərkibi deyil, onların hansı saatda qəbul edilməsi də təsir göstərə bilər.
Medicina.az xəbər verir ki, Çindəki Uhan Universitetinin 31 mindən çox yetkin insan üzərində apardığı araşdırmada ilk və son yeməyin vaxtı ilə ölüm riski arasında əlaqə aşkarlanıb.
Orta hesabla 9 il izlənilən iştirakçılar arasında ilk yeməyini saat 07:00–08:00 arasında yeyənlərdə ölüm riski ən aşağı olub. İlk yeməyi günorta saatlarından sonraya saxlayanlarda isə bütün səbəblərdən ölüm riski 29 faiz daha yüksək olub.
Axşam yeməyi üçün isə 19:00–20:00 aralığı daha əlverişli vaxt kimi göstərilib. Tədqiqatçılar nəticələrin qidalanma vaxtının orqanizmin bioloji ritmi ilə əlaqəsini araşdıran xronoqidalanma sahəsində əhəmiyyətli olduğunu bildirirlər.
Araşdırmaya görə, ilk yeməyin saat 08:00–10:00 arasında qəbul edilməsi ölüm riski ilə bağlı göstəricinin 10 faiz, 10:00–12:00 arasında isə 19 faiz artması ilə əlaqələndirilib. İlk yeməyi günortadan sonraya saxlayanlarda insultdan ölüm riski də daha yüksək olub.
Xanım,
Medicina.az