Vətən müharibəsi qazisinin qızı OMEDE-də komadadır - Yardım müraciəti

  • 2022.03.11 15:30
  • 3781 Baxış
Vətən müharibəsi qazisinin qızı OMEDE-də komadadır   - Yardım müraciəti

Vətən müharibəsi iştirakçısı Dilqəm Məmmədovun 8 yaşlı qızı Ayan Məmmədova iki gündür komadadır. Ailənin maddi durumu epilepsiya xəstəliyindən əziyyət çəkən azyaşlını müalicə etdirməyə imkan vermir.


Medicina.az xəbər verir ki, azyaşlının anası Alagöz Məmmədovanın "Qafqazinfo"ya bildirdiyinə görə, Ayan əvvəllər xəstəliyi yüngül keçirsə də, son iki ildə çox ağırlaşıb.


Uşaq hazırda Bakıda Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə alır. Son iki gündür ki, koma vəziyyətindədir: “Ayanda 2 yaşından epilepsiya aşkarlanıb. Əvvəllər ildə 1-2 dəfə tutmalar olurdu, 5 yaşından isə tutmalar davamlı olmağa başladı. Hər 1-2 aydan bir müalicələr alırdıq. Bu il fevralın 23-də kəskin qıcolmalar olduğuna görə qızımı təcili yardımla Bakıya Uşaq Nevroloji Xəstəxanasına gətirdik. Orada müvafiq cihaz olmadığına görə Pediatriya İnstitutuna köçürdülər. 5 gün orada komada qaldı, arada ayılırdı, yenə komaya düşürdü. 6-cı gün bir az huşu özünə gəlsə də, bir müddətdən sonra yenə komaya düşdü. Çağırsaq hay verirdi, amma gözlərini aça bilmirdi. Dünən günortadan yenidən Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb. Hazırda vəziyyəti kritikdir.

Bizim müalicə üçün imkanımız yoxdur. Həkimlərin dediyinə görə, bu xəstəliyin müalicəsi Türkiyədə mümkündür və 70 minə yaxın pul tələb olunur. İmkanlı şəxslərdən xahiş edirik ki, Ayan balamıza yardım etsinlər, onu bu vəziyyətdən çıxaraq”.


Qeyd edək ki, Ayanın atası Dilqəm Məmmədov Ağdam rayonundan məcburi köçkündür və hazırda Qax rayonunun Cəlayer kəndində məskunlaşıb. Silahlı Qüvvələrin kapitanı olan D. Məmmədov Vətən müharibəsində iştirak edib, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak edib. Hazırda Laçın rayonunda hərbi xidmətdədir.