Ruh yüksəkliyi ilə özünü müalicə edən adam – Mənsum İbrahimovun maraqlı həyat tərzi - VİDEO

  • 25 May, 2019
  • 28450 Baxış
Ruh yüksəkliyi ilə özünü müalicə edən adam – Mənsum İbrahimovun maraqlı həyat tərzi - VİDEO

 Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov muğam deyəndə ağla gələn görkəmli sənətkarlardan biridir. Opera səhnəsinin əvəzolunmaz Məcnunu, xalq və bəstəkar mahnılarının gözəl ifaçısı olan Məsum müəllim özünəməxsus sənət yolu ilə böyük rəğbət qazanıb. Muğam sənətini dünyada layiqincə təmsil edir, Azərbaycan Milli Konservatoriyasının müəllimi kimi gənc muğam ifaçılarının yetişməsində böyük əməyi var. O təkcə sənəti ilə yox, həm də həyat tərzi ilə nümunə olan insanlardandır.
 
Buna görə də Medicina.az saytının "Məşhurların sağlamlıq formulu" layihəsində bu dəfə Mənsum İbrahimovdur.
 
- Mənsum müəllim, formada qalmaq, kökəlməmək üçün nə edirsiniz?
 
- İnsanlar axşam evə gəlib möhkəm yeyib yatır, kökəlmə ordan başlayır, biz isə gəlib bir az yemək yeyib tədbirə gedirik. Uzağı bir stəkan çay içə bilərəm. Amma saat 8-ə kimi müxtəlif vaxtlarda su içirəm. Çalışıram onu da içməyim.
 
- Yəni axşamlar su da içmirsiniz?
 
- Yox, çalışıram içməyim. Çünki sonradan zərər verir.
 
- Təzyiqiniz neçə olur?
 
- Mənim təzyiqim hər zaman normadan bir az aşağıdır. 110-un 70-ə, 100-ün 65-ə. Hərdən 120 də olur. Nəslimizdə təzyiq xəstəsi yoxdu.
 
- Boyunuz və çəkiniz neçədir?
 
- Boyum 173, çəkim 72-dir. Bəlkə də iyirmi ildir ki, çəkim belədir. Həyat tərzim bu qaydadadır. Bir kilo artıq olanda narahat oluram. Niyə mən bir kilo artıq yükü gəzdirməliyəm? Onda ağırlaşır insan. Onun qarşısını almasa, əndazədən çıxar və hiss etməz. Çünki hər gün özünü güzgüdə görür və alışır. Amma kənardan görən deyir ki, bu nə gündədir?! Lap kök adam görəndə hamımız pis oluruq. Amma özünə elə gəlir ki, hər şey yaxşıdır. O insanların iradəsi zəifdir. Kökəlməyə meylli olurlar, həyatda da uğur qazanmırlar. Depressiyaya da meylli olurlar. Amma iradəli insanlar ən azı normal yaşamağa nail olur.
 
- Görünən odur ki, siz iradəli insanlardansınız...
 
- Mən heç vaxt çox pul qazanmağa can atmamışam. Çünki, mən iş adamı deyiləm, sənət adamıyam. Sənətdə nəsə eləməyə çalışıram. Qarğa deyiləm ki, 300 il yaşayım. Bilirik ki, bəlli bir ömrümüz var. Ona görə də yaşadığımız ömrü səmərəli keçirmək lazımdır. Hər kəs öz sahəsində səmərəli yaşamalıdır. Sabah deyə bilək ki, məndən bu lent yazıları, bu tələbələr, bu işlər qalıb. İnsan yorulur, amma bir tədbirdən çıxırsan, çox yorulsan da, rahatlanırsan. Tamaşaçının xoş sözlərini eşidəndə deyirsən ki, nə gözəl bir iş gördüm. Sabah artıq beynin başqa işə yönəlir. Təbii ki, yaradıcılıq öhdəlik deyil. Layihələr var, arzular var, amma bəzən həyata keçirmək olmur, bəzən alınır. Razılaşırsan və növbətisinə keçirsən. Özünə dərd eləməməlisən. Zaman bizi gözləmir. Ən qiymətli şey zamandır. Təəssüf ki, insanlar onu yatmaqla keçirir. Deyir ki, qoy bir il gözləyim, sonra edərəm. Hər bir an qiymətli olmalıdır insan üçün. Peyğəmbərimiz deyir ki, ev doğulmaq və ölmək üçündür. İnsan hər zaman hərəkətdə olmalıdır. Get bir iş gör, çalış, səyahət et, gör bu dünyada insanlar necə yaşayır?! Budur məsələ. Ona görə də həyatımdan məmnunam. Heç vaxt naşükürlük eləməmişəm. O da anadan gəlmə bir şeydir. Paxıllıq hissi olmayıb məndə. Allaha təşəkkür edirəm ki, gözütoxluq və şükür etmək hissini mənə verib. O zaman insan xoşbəxt yaşaya bilir. Bir gün peyğəmbər baxır ki, iki nəfər oturub və biri deyinir. Soruşur ki, niyə deyinirsən? Adam cavab verir ki, hansı günə şükür edim, cırıq ayaqqabıma? Peyğəmbər qayıdır ki, bəli, öz yanında ayağı olmayan insana bax və şükür et. Allah buyurur ki, özündən zəif insanlara bax və şükür elə. Özündən yüksəyə baxma. Sən nə bilirsən ki, onun həyatı necədir? Uzaqdan baxırsan ki, bunun maşını, evi var. Amma nə maşın, nə ev insanı xoşbəxt edə bilər. - Mənsum müəllim, siz insanları mənən qidalandıran, rahatlıq verən bir sənətin nümayəndəsisiniz. Səsinizlə, ifalarınızla onların ruhunu qidalandırırsınız. Fiziki sağlamlıqla bağlı fikirləriniz maraqlıdır.
 
Necə qoruyursunuz fiziki sağlamlığınızı, buna riayət edə bilirsinizmi?
 
 
-Çox sevindirici haldır ki, sağlamlıq son vaxtlar aktual məsələ olub. İnsanların sağlamlıq haqqında düşünməsi, bu haqda verilişlər hazırlamaq, yazılar yazmaq... İnsanlar fəallaşıb və bu, mənim xoşuma gəlir. Cəmiyyətdə gedən bu hal çox yaxşıdır ki, artıq insanlar cavan yaşlarından öz sağlamlıqları ilə məşğul olmağa başlayıblar, salonlara gedirlər, idmanla məşğul olurlar. İdmanla məşğul oluram desəm, yalan olar. Mən kənddə böyümüşəm, Ağdamda. Gözümü açıb hər yerdə fiziki iş görmüşəm. Bu mənada ki, valideynlərimə kömək eləmişəm, quzu otarmışam, ot çalmışam, nə bilim, bir uşaq nə edə bilərsə, hamısını eləmişəm. Kənddə böyüyən uşaq çox zəngin mənəvi cəhətlərə sahib olur. Yəni zəhmətə, həyata hazır olur. Sonra hərbi xidmətə getdim və mənim üçün çox rahat oldu. Moskvada hərbi xidmətdə olmuşam. Ondan sonra Bakıya gəldim. Ümumiyyətlə, təbiətim belədir ki, hərəkəti sevirəm. Bir yerdə oturmağı sevmirəm. Məsələn, insan var oturur axşama kimi, onu tərpətməsən qalacaq orda, yatacaq. Mən sevmirəm hərəkətsiz oturmağı. Xüsusi idman eləmirəm, amma səhərlər 6-7 km gəzirəm. Gündüz və axşam tədbirlər, müəyyən işlər olur. Dərs, məşqlər, alınmır, bir dəfə alınır, bir dəfə yox. Amma səhər bilirəm ki, bu vaxt mənimdi, heç kim əlimdən ala bilməz. Yuxuma haram qatıram. Qışda hava işıqlananda, yayda 5-də oyanıram. 5:30-da Botanika bağında oluram və ya Bulvara gedirəm. Bizə yaxındır. Bir saat, bir saat iyirmi dəqiqə iti addımlarla gəzirəm. Günəşi qarşılamaq... O hissi yaşayıram. O gün özümü çox gözəl hiss edirəm. İşim çox olsa da, yorulmuram. Küləkli havada özümü narahat hiss edirəm ki, gedə bilmədim. Yəni insan bir şeyə vərdiş edirsə, gözəl haldır. Heç pəhriz də saxlamıram. Sadəcə hərəkət edirəm. Mənim həyat tərzim belədir ki, hər şey qədərində. Ağırlaşana qədər yemirəm. Hər şey normada olanda insan ondan əziyyət çəkmir. İstədiyim yemək olmayanda yemirəm. Biz də insanıq, xəstələnirik, qrip də oluruq, soyuqlayırıq. Amma ümumilikdə həyat tərzi sağlamdırsa, o insanın problemi olmur. İnsanın sağlamlığı öz əlindədir. Əhval-ruhiyyə ilə bağlıdır hər şey. Əhval-ruhiyyə, ruh yüksəkliyi varsa, həyat eşqi varsa, işindən, ailəsindən, övladlarından zövq alırsa, onun problemi olmur. Təbii ki, hər bir insan yorulur, amma ruhdan düşmür, bezmir, ruh yerində olmayanda o, insana əzab gətirir.
 
- Sənət adamları adətən depressiyaya meylli olurlar. Siz necə?
 
- Elə şeylər var ki, anadangəlmədir. Gəldiyim qənaətdir ki, xasiyyət də anadangəlmə olur. Adi bir şeydən insan ruhdan düşə bilər. Heç kimin həyatı yağ kimi getmir. Hamımızın həyatında problem, qayğı olur. Bəzən insanlar adi qayğını problem halına çevirirlər. Bir misal çəkim, 4 il öncə Braziliyaya səfərə getmişdik. Mən müşahidə elədim ki, orda insanlar çox yüksək əhval-ruhiyyədədir. Sanki hər işləri əladır. Amma baxırdım ki, həyat tərzləri bizimkindən aşağıdır. Mən səfirimizə sual verdim ki, bunların həyat tərzi elə də yaxşı deyil, amma hamısı gülür. Dedi, mən də onlara bu sualı vermişəm və mənə cavab veriblər ki, insan doğulandan ölənə qədər problem onlarla bərabərdir. Xəstələnir, həyat düz gətirmir və s. Onlar isə deyir ki, biz o problemlə bərabər yaşamırıq. Həll olacaqsa, olacaq, olmayacaqsa, ötürmək lazımdır. Özünü öldürməyə dəyməz. Çünki, birini həll edirsən, o biri gəlir. Həyat varsa, problem də var. Adicə küçəyə çıxın və müşahidə edin, baxırsan ki, adamın hər şeyi var, amma kefi yoxdur. Niyə? Tutaq ki, nə bilim, uşağı qripdi. O problemlə yaşayır. O problemlə yaşamaq yox, həll etmək lazımdır. Amma arsız da olmaq olmaz. Sən özünü üzsən də, üzməsən də o problem onsuz da həll olunacaq. Beş gün sonra görürsən ki, heç o problem deyilmiş. Tələbələrimə də bu barədə danışıram. Ailəmə çox bağlı insanam, bir saat boş vaxtım olanda evimdə oluram. Orda özümü rahat hiss edirəm. Amma insan problemlə yaşayanda heç bir iş görə bilmir. Onun əhvalı ətrafdakılara da keçir. Qaraqabaq insanlardan heç kimin xoşu gəlmir. Salamlaşırsan və görürsən ki, şikayətlənir. Əslində, normal bir həyat yaşayır. Özü də bilmir ki, nə istəyir. İnsan adi şeylə də xoşbəxt ola bilər. Xoşbəxtlik maddiyyatla bağlı deyil. Sufilərə baxın, həyatı dərk edirlər və rahatdılar. Hamı sufi ola bilməz. Opera teatrında çalışırdım, ailəliydim, övladlarım dünyaya gəmişdi, 80 rubl maaş alırdım və xoşbəxt idim. Heç vaxt naşükür insanları sevməmişəm. Yaxşı gündə də, pis gündə də şükür etmişəm. Mən iş adamı deyiləm axı, muğam ifaçısıyam. Maddi cəhətdən imkanlarım böyük deyil. Bir muğam müəllimi, professoruyam. İnsanların sevgisini görəndə deyirəm ki, İlahi, çox şükür bu günümə. Səni görəndə üzünü çevirmirlərsə, bu, xoşbəxtlikdir. Düşünürəm ki, cəmiyyətə zərər vermirəm. Mən demirəm ki, böyük iş görürəm. Az da olsa, cəmiyyət səndən razıdırsa, gördüyün iş qənaətbəxşdirsə, övladların sənin adın çəkiləndə başını aşağı salmırsa, utanmırsa, bu gözəl bir şeydir.
 
 
 
 
 
- Sağlamlığınızı təkcə gəzmək və qida ilə qoruyursunuz?
 
- Hər gün səhər yuxudan oyananda iki stəkan su içirəm. Gün ərzində çalışıram ki, 1,5-2 litr su içim. Qidalardan da birinci növbədə səsimə görə qorunuram. Yağlı, duzlu yeməklər, qazlı sular və ümumiyyətlə zərərli qidalardan tam uzağam. Biri var həvəskar oxuyanlar, biri də var peşəkar, dövlətə, hansısa quruma bağlı bir ifaçısan. Mənim işimin bir hissəsi operayla bağlıdır. Məsələn, on gün sonra tədbir var və sən on günü çalışmalısan. Həm də sağlamlığını qorumağa məcbursan. Çünki sağlam olanda səs də yaxşı olur. Tamaşaçının nəyinə lazımdır ki, sən xəstələndin və ya yorğunsan, yuxusuzsan. O deyir ki, oxuya bilmədin. Tamaşaçı çox amansızdır. Yüz dəfə yaxşı oxuyub, bir dəfə oxuya bilməsən iradlar olar. Amma biz də canlıyıq, insanıq. Ona görə də peşəkar ifaçı məcburdur ki, həmişə formada olsun. Formada olmaq da əziyyət tələb edir. Özünü qorumalısan. İnsan çalışsa, hər şey edə bilər.
 
- Vaxtı-vaxtında həkimə gedirsiniz?
 
- Hər üç aydan bir həkimə gedirəm. Ən çox getdiyimiz panyatr Fəxriyyə xanımdır. O, səs həkimidir. Tədbirqabağı gedirik ki, problem yaranmasın. Yazdır, çiçəklərdən, otlardan, meyvələrdən allergiya ola bilər. Onun qarşısının alınması üçün həkimə gedirik.
 
- Bakıda, yoxsa xaricdə?
 
- Bakıda. Olur ki, Türkiyəyə gedəndə orda da yoxlanıram. Maşallah, klinikalarımız gözəldir, gözəl həkimlər ordusu yaranır. Əvvəllər insanlar Türkiyəyə, İrana meyl edirdilər. Son dövrlər gözəl həkimlərimiz var. Ancaq səfərə gedəndə xaricdə də yoxlanıram.
 
- Xüsusi bir narahatçılığınız yoxdur?
 
- Şükür ki, yoxdur. Xırda-para nəsə ola bilər. Mən türkiyəli professora sağlamlıqla bağlı nə sual verdimsə, dedi, gəz. Su içmək və gəzmək. İnsanın orqanizmi bütün xəstəliklərə qarşı mübarizə aparır. Gərək, immuniteti aşağı salmayasan. Hərəkət edirsən, su içirsən, lazımsız yeməklərlə yükləmirsən. Qalan şeyləri orqanizm özü həll edir. Əsas da gecə yeyib yatmaqdır ki, kökəldir, ziyan edir. Bizdə sənət adamları var ki, gecə saat 5-də yatır, mən deyirəm ki, o vaxt yuxudan oyanıram, gülürlər.
 
- Gündə neçə saat yatırsınız?
 
- 4-6 saat bəs edir. Vaxt olanda bir saat yorğunluğumu çıxarıram. Təbiəti çox sevirəm. Sakitlik axtarıram. Səhər bağa girəndə bəlkə də yüz quş birdən oxuyur. Allah təbiəti belə gözəl yaradıb ki. Deyirəm, Allah bu həyatda nə yaradıbsa, hamısının məcnunuyam. İnsan yaxşı şey axtarsa, yaxşısını tapacaq, qara axtarsa, qara tapacaq.
 
- Sağlam qidaları necə seçirsiniz?
 
- Son vaxtlar düyü ilə bağlı müxtəlif xəbərlər aldıq və mən artıq Astara düyüsü alıram. Mətbəxdə bişəndə ətri aləmə yayılır. Nehrə yağı da son vaxtlar dəbə düşüb. Amma ona da qatqı edirlər. Bu gün qatqılı qidalar çoxdur. İnsanlar bilmir nə alsınlar. Məsələn, mən Qızıləhməd alması alıram. Bilirəm ki, İsmayıllı məhsuludur. Dadı da başqadır. Geni dəyişmiş alma bir ay qalır, qurd düşmür, xarab olmur. Quru meyvələrdən Ordubad meyvəsi alıram. Rayona gedəndə sevinirik ki, hər şey təbiidir. Amma təəssüf ki, rayonların özündə də geni dəyişmiş məhsullar alınır. Dünya qarışıb bir-birinə. Otellərə gedirsən, görürsən ki, eyni proses orda da gedir. Hər meyvəni mövsümündə yemək lazımdır. Qışda qarpız yapışmaz adama. Çiyələk də. Sadəcə görkəmi gözəldir.
 
- Tam imtina etdiyiniz qidalar hansıdır? - Sitrus meyvələri mənə allergiya verir. Məcburam istifadə etməyim. Soyuq, qazlı sular içmirəm. Heç övladlarımın istifadə etməsinə də icazə vermirəm. Çünki zərərli olduğuna əminəm. Bəzən tədbirdəsən və başqa şansın yoxdur, o zaman pendir, xiyar, pomidor yeyirsən. Soyutma nəsə varsa, yemək olar. Son vaxtlar məlum olur ki, quzu əti hamısından xeyirlidir. Diyetoloqlar deyir ki, quzunun kababı ziyan deyil.
 
- Mənsum müəllim, sağlam həyat tərzi həm də uzun ömür yaşamaq arzusundan irəli gəlir, deyilmi?
 
- Vallah, hər bir insan istəyir ki, yaşasın. Heç kim ölmək istəmir. Adam var, 150 il yaşamaq istəyir. Deyirəm ki, qardaş, o, 50 də ola bilər. Əsas odur sağlam yaşa. Vahid Əziz deyir ki, mənə yüz il ömür arzulamayın. Hər kəsə arzulayıram ki, sağlam qocalsın. Ömrü Allah verir. Bizim istəməyimizlə deyil. Fiziki baxımdan heç kimə möhtac olmaq istəmirəm. Birinci növbədə Allah bu bədəni bizə əmanət verib. Kim ki, qoruyur, əməl edirsə, Allah ondan razı olur. Heç vaxt insan qocalmaqdan ölmür. Xəstəlikdən ölür. 120 il yaşayıb qocalıb ölə bilər. 70 yaşında qocalıqdan ölmək olmaz. Mümkün deyil. Allahın verdiyi bədəni qorumaq lazımdır. İnsan bu fikri qəbul etməlidir. Ürəyi istədiyi kimi yaşayan insan ömrünün son 20 ilini sürünərək keçirir. İnsan içməsə də xoşbəxt ola bilir. Spirtli içki içib, yarım saat xoşbəxt olub, sonra əziyyətin çəkmək düzgün deyil. Beyni dumanlandırmaq həyat zövqü deyil.
 
 
- Səhər durub gəzirsiniz, dərs deyirsiniz, oxuyursunuz. Gün ərzində başqa nələr edirsiniz?
 
- Vaxtım olanda evə gedirəm. Bizim həyat gecə başlayır. Toya gedirik. Gecə ikidə gəlirik. Amma neçədə yatsam da 5-də dururam. Xarakterimdə narahatlıq var. Heç yerə gecikmirəm. Həmişə tez gedirəm görüş yerinə.
 
- Heç vaxt idmanla məşğul olmamısınız?
 
- Səhərlər gəzib gələndən sonra gimnastik hərəkətlər edirəm, sonra yuyunub yeməyimi yeyirəm. Futbola marağım olub. İndi yoxdu. Oğlumun 15 yaşı var, futbolu sevir. Kənddə yaşayanda xüsusi oyunları izləyirdim. Çox fiziki iş görürdüm. Yorulurdum. Dağda yaşayan insanlarda kök adam az tapılır. Çünki dağa qalxıb düşür. İndiki insanların problemi ona görə çoxdur ki, hərəkət yoxdur. Hətta gedib televizorun kanalını çevirmir, pultdan istifadə edir.