Xərçəng necə yaranır? - Həkim Turanə Rəsulovadan açıqlama

  • 2022.04.20 14:48
  • 2423 Baxış
Xərçəng necə yaranır?   - Həkim Turanə Rəsulovadan açıqlama


“Stress və bədbəxtlik düşüncələri şəkərli diabet və xərçəngə yol aça bilər. Genetik olaraq həyati təhlükəli vəziyyətlərdə stressə cavab üçün kodlanmış simpatik sinir sistemimiz işə düşür. Bəsit dildə desək, bu sistem “savaş, ya da qaç” mexanizmini başladır”.

Medicina.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.

“Stressi dərk edən amiqdalımız neyrohumoral sistemimizin şefi olan hipotalamusa xəbər göndərir, o da dərhal ACTH dediyimiz adrenokortikotrop hormonu sintezləyir. Onun təsirilə xəbər böyrəküstü vəzimizə gedir və stressə cavab olaraq kortizol sintezlənir. Kortizol qaraciyərimizi işə salıb qanımıza şəkəri doldurur ki, savaşmaq, ya da qaçmaq üçün enerjimiz olsun. Amma biz müasir dünyada nə savaşırıq, nə də qaçırıq, mürəkkəb və gərəksiz problemlərimizlə bu mexanizmi işə salıb qan şəkərimizi yüksəldirik. Davamlı qan şəkərimiz yüksəldikcə mədəaltı vəzimiz şəkəri parçalamaq üçün insulin sintez edir və zamanla yorulan, tükənən mədəaltı vəzimizin hüceyrələri ölür və şəkərli diabet xəstəliyinə yaxalanırıq” - həkim qeyd edib.

Xərçəng necə yaranır?

Turanə Rəsulova bildirib ki, xərçəngin yaranma səbəbi multifaktorialdır, amma stressin də bunda rolu var: “Stress və gərginlik, qeyd etdiyim “savaş, ya da qaç” mexanizmini işə salanda immun sistemimiz beynimizin və vücudumuzun “vecinə olmur”. Əsas məsələ ölməməkdir, həyatı qurtarmaqdır. Xroniki stress immun sistemini mütəmadi təsirə məruz qoyduğu üçün immunitetimiz baş verən “xətaları” düzəldə bilmir və bu xətalar artıb çoxaldıqca xərçəng hüceyrəsinə çevrilir. Odur ki, beynimizin reallığını stress və gərginliyə deyil, xoşbəxtlik duyğusuna və düşüncəsinə kökləməliyik. Sağlam düşüncə və duyğular sağlamlığın təməlidir”.