Xərçəng xəstələri oruc tuta bilərmi - Kimlərə olar?

  • 2023.03.25 16:53
  • 1962 Baxış
Xərçəng xəstələri oruc tuta bilərmi  - Kimlərə olar?

Onkoloji xəstələrin müalicəsi və sağalmasında qida ilə su qəbulu, hətta qida qəbulunun qaydası böyük əhəmiyyət kəsb edir. Belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər.



"Medicina" xəbər verir ki, mammoloq-radioloq Günel Qəmbərova bəzi məqamları açıqlayıb:


“Xəstəliyin aktiv dövründə - kimya terapiyası və şüa terapiyası alan dövrdə pasiyentlər daha diqqətli olmalıdırlar. Bu dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diareya və qəbzlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə iştaha azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür”.


“Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, öncə həkimlə məsləhətləşməlidirlər. "Daha yaxşıyam, sagalmışam" deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmağa başlamasınlar. Unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərar verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Bu incəlikləri isə xəstələr özləri yox, həkimləri daha dəqiq bilir".

Aygün Musayeva