Xərçənglə mübarizədə müasir yanaşmalar: yeni müalicə üsulları

  • 2026.02.06 14:54
  • 254 Baxış
Xərçənglə mübarizədə müasir yanaşmalar: yeni müalicə üsulları

Xərçəng bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biridir. Müasir tibbdə bu xəstəliklə mübarizə üçün əsasən cərrahiyyə, kimyaterapiya və şüa müalicəsindən istifadə olunur. Bununla yanaşı, son illərdə bu üsulları tamamlayan və dəstəkləyən yeni yanaşmalar İnteqrativ onkologiyanın diqqət mərkəzindədir.

Medicina.az xəbər verir ki, Almaniyadan dəvət olunmuş həkim-onkoloq Dr. Hüseyn Şahinbaş Milli Onkologiya Mərkəzində çıxış edərək, dəstəkləyici müalicə üsullarının xərçənglə mübarizədə rolundan danışıb.

Təqdim olunan mövzular - Omeloterapiya, Yüksəkdozalı vitamin C terapiyası və Hipertermiya (istiliklə müalicə) həkim -onkoloqların marağına səbəb olub.

Omeloterapiya nədir?

Omeloterapiya xərçəng müalicəsində istifadə olunan tamamlayıcı müalicə üsuludur. Bu metodun əsas məqsədi orqanizmin öz müdafiə mexanizmlərini, xüsusilə immun sistemini aktivləşdirməklə şiş xəstəliyinə qarşı mübarizə qabiliyyətini gücləndirməkdir.


Elmi tədqiqatlara əsasən, omeloterapiya immun sistemini şiş hüceyrələrinə qarşı səfərbər edir, orta və yüksək dozalarda tətbiq edildikdə şişəleyhinə, metastaz əngəlləyici və immunomodulyasiyaedici təsir göstərir; xəstələrin ümumi vəziyyətinin və həyat keyfiyyətinin yaxşılaşmasına, yorğunluq və halsızlıq kimi simptomların azalmasına müsbət təsir göstərir. Omeloterapiya - əsas onkoloji müalicə üsullarının təsirini dəstəkləyən və onların effektivliyini artırmağa yönəlmiş tamamlayıcı yanaşmadır.


Vitamin C immun sisteminin normal fəaliyyəti üçün zəruri olan əsas maddələrdən biridir. Son illərdə aparılan elmi araşdırmalar göstərmişdir ki, vitamin C-nin yüksək dozada venadaxili infuziyası xərçəng hüceyrələrinə sitotoksik təsir göstərə bilir.

Elmi araşdırmalara görə, yüksəkdozalı vitamin C-nin şiş hüceyrələrinə selektiv toksik təsiri hesabına onlara məhvedici təsir göstərir, yorğunluq, halsızlıq və iştahasızlıq kimi simptomları azaldır; əsas onkoloji müalicə alan xəstələrdə ümumi vəziyyəti və həyat keyfiyyətini yaxşılaşdırır.

Beləliklə, Yüksəkdozalı C vitamini bir çox xərçəng hüceyrəsinə təsir edən ən azı üç zəif nöqtəyə hücum edir:

1. Yüksəkdozalı C vitamini xərçəng hüceyrələrinə selektiv prooksidativ tumor-sitotoksik təsir göstərir.
2. Yüksəkdozalı C vitamini epigenetik profili şişin yatırılması istiqamətində tənzimləyir.
3. Yüksəkdozalı C vitamini şiş toxumasında (HIF daxil olmaqla) enerji istehsalını və angiogenezi inhibə edir.


Hipertermiya – istiliklə müalicə üsulu


Hipertermiya - xərçəng müalicəsində istifadə edilən üsullardan biridir və burada bədən bütöv və ya müəyyən nahiyəsi nəzarət altında qızdırılır. Adi isidilmə üsullarında istilik mənbəyi bədənin xaricində olur və istilik əsasən dərinin üst qatlarını əhatə edir. Bu zaman dərin toxumalara istilik zəif ötürülür və təsir daha çox müvəqqəti rahatlama ilə məhdudlaşır. İstilik nəzarətsiz şəkildə yayılır və terapevtik təsiri məhduddur. Hipertermiya üsulunda isə istilik xüsusi cihazlar vasitəsilə toxumanın daxilində yaradılır. Hipertermiya tibbi nəzarət altında aparılan, məqsədli və daha güclü terapevtik təsirə malik üsuldur. Məqsəd - immun hüceyrələri aktivləşdirərək xərçəng hüceyrələrini zəiflətmək və onları digər müalicələrə daha həssas hala gətirməkdir. Qızdırma - xəstəliklə mübarizədə orqanizmin təbii halıdır. Hipertermiya əsas klassik terapiyanın effektivliyini artıra bilər. Onkoloji xəstəliklərlə yanaşı, Bexterev xəstəliyi, bronxial astma, Laym xəstəliyi, neyrodermit və s. kimi xroniki xəstəliklərin müalicəsində uğurla istifadə edilir.
Bu üsullar nə üçün maraq doğurur?

Müasir onkologiyada əsas məqsəd təkcə xəstəliyi müalicə etmək deyil, həm də xəstənin həyat keyfiyyətini qorumaq, müalicənin yan təsirlərini azaltmaqdı.

Bu səbəbdən tamamlayıcı və dəstəkləyici müalicə üsulları getdikcə daha çox araşdırılır və müzakirə olunur. Və Omeloterapiya, Yüksəkdozalı vitamin C və Hipertermiya bu inkişafın önəmli bir hissəsi olaraq dünyada getdikcə araşdırılan və istifadə olunan yanaşmalardır.

Aygün Musayeva

Medicina.az