Türkiyədə mədə balonu əməliyyatından sonra xəstənin ölümü ilə bağlı həkimə 2 il 6 ay həbs cəzası verilib.
Medicina.az xəbər verir ki, Dr. Alper Çelik, 73 yaşlı pasiyent Naciye Aksengörünə 2021-ci ildə mədə balonu əməliyyatı edib. Lakin Çelikin apardığı prosedurdan sonra pasiyentin vəziyyəti pisləşib.
Qohumlarının iddialarına görə, dəfələrlə tibb bacıları və həkimləri çağırmasına baxmayaraq, xəstəyə müdaxilə olunmayıb və Aksengör qısa müddət sonra vəfat edib. İşə bu yaxınlarda İstanbul Cinayət Məhkəməsində baxılıb.
Hadisədən sonra hazırlanan Məhkəmə Tibb İnstitutunun hesabatında xəstənin ölümünün tibbi səhvlə əlaqəli ağırlaşmaların idarə olunmaması səbəbindən baş verdiyi aşkar edilib.
Məhkəmədəki müdafiəsində təqsirləndirilən həkim Alper Çelik bildirib ki, xəstə balon qoyulması prosedurundan sonra huşunu itirib: "Reanimasiya şöbəsində müdaxiləni davam etdirdik, amma onu xilas edə bilmədik. Təxminən 45 dəqiqə ərzində ürək-ağciyər reanimasiyası və süni tənəffüs apardıq. Məhkəmə-tibb ekspertizasının rəyində mədədə cırıq aşkar edilsə belə, cırıq aparılan ürək-ağciyər reanimasiyası nəticəsində yaranmış ola bilər".
Lakin məhkəmənin qərarında təqsirləndirilən həkimin müdafiəsinə baxmayaraq, o, proseduru lazımi müayinə və araşdırmalar aparmadan həyata keçirdiyi və ağırlaşmalara baxmayaraq heç bir effektiv müdaxilənin edilmədiyi vurğulanıb. Məhkəmə həkimin tibbi yardım vəzifəsini pozduğu qənaətinə gəlib. Məhkəmə təqsirləndirilən həkim Alper Çeliki "səhlənkarlıqdan ölümə səbəb olmaq" cinayətinə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Aygün
Medicina.az