Məşhur rəssamların əsərləri ilə binaların xarici görünüşünü bəzəməsi ilə tanınan rəssam Nazife Bilgin Hazar bu dəfə xəstəxanada müalicə alan uşaqlar üçün fırçasından istifadə edib.
Medicina.az xəbər verir ki, dünyaca məşhur rəssamların rəsmləri ilə Mersinin Toroslar rayonundakı xarabalığa çevrilmiş bina fasadlarına yeni həyat verən Hazar, xəstəxananın dəvəti ilə Mersin Universiteti Xəstəxanasının uşaq şöbəsində bir layihə həyata keçirib.
Hazar uşaqların xəstəxana mühitində özlərini daha yaxşı hiss etmələri üçün poliklinika divarlarını rəngli rəsmlərlə bəzəyib.
Rəssam, xüsusilə uşaqlara xoş gələcək personajlara diqqət yetirərək, poliklinika divarlarına "Mikki Maus" və "Şirinlər" kimi sevimli cizgi film fiqurlarını çəkib.
Əsərlərində məşhur rəsmlərdən ilhamlanan detalları özündə birləşdirən Hazar, xəstəxana dəhlizlərini təbiət və heyvan fiqurları ilə də parıldadıb, daha isti və daha şən bir atmosfer yaradıb.
Nazife Bilgin Hazar, işləri ilə incəsənətin müalicəvi gücünü xəstəxananın divarlarına gətirmək istədiyini söyləyib.
O, müalicə prosesində xəstələrin psixologiyasının vacibliyini vurğulayıb.
Hazar, uşaqların rənglənmiş divarlara böyük maraq göstərdiyini və bunun onu çox xoşbəxt etdiyini bildirib.
Sənətin insanlara mənəvi güc verdiyini vurğulayan Hazar, "Rəsmlər illərlə bu divarlarda qalacaq və zamanla daha mənalı olacaq. Uşaqların xəstəliklərini unudub, işlərimə baxaraq bir müddət olsa belə rahatladıqlarını görmək mənim üçün böyük bir sevincdir", deyib.
Aygün
Medicina.az