Xırdalanda toyuqları rəngləyib, kənd çolpası adı ilə satan - ifşa edildi

  • 2025.12.23 17:14
  • 56 Baxış
Xırdalanda toyuqları rəngləyib, kənd çolpası adı ilə satan   - ifşa edildi


Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.


Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub:

"Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilmə, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib.

Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib.
Faktla bağlı sahibkar barəsində inzibati icraat başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb".

Medicina.az