Xroniki xəstəliklər niyə sağalmır? - Səbəbi tapmadan müalicə mümkün deyil

  • 2026.04.08 12:03
  • 195 Baxış
Xroniki xəstəliklər niyə sağalmır? -  Səbəbi tapmadan müalicə mümkün deyil


Fikriyyə İbrahimli - tibb elmləri doktoru, professor, ATU


Son illər dünyada xroniki xəstəliklər durmadan artır. Bu da tibbdə onların müalicəsi üçün yeni bir yanaşmanı zəruri edir.

Hazırda bu yanaşmada həm Qərb təbabəti, həm Şərq təbabəti üsulları birgə istifadə edilir və İnteqrativ tibb adlanır.

Xəstəliklər ilk öncə müxtəlif simptomlar ilə özünü göstərir. Belə ki, çox hallarda xəstələr uzun müddət fərqli simptomlardan əziyyət çəkir. Lakin problemin əsas səbəbi müəyyən edilmədiyi üçün xəstəlik xroniki hala keçə bilər. İnteqrativ tibbin əsas məqsədi yalnız xəstəliyin əlamətlərini azaltmaq deyil, xəstəliyin yaranma səbəblərini araşdırmaq və orqanizmi kompleks şəkildə müalicə etməkdir.

İnteqrativ Tibbdə insan orqanizminə tam, bütöv bir sistem kimi yanaşma mövcuddur.

İnteqrativ təbabətdə xəstəliyə səbəb olan aşağıdakı amillər birlikdə araşdırılır:

• genetik amillər
• immun sisteminin vəziyyəti
• metabolizmin tipi
• hormonal balans
• həyat tərzi, qidalanma və s.



Bu məlumatların birlikdə qiymətləndirilməsi xəstəliyin səbəblərini daha yaxşı anlamağa kömək edir.

Niyə bəzi xəstəliklər xroniki hala keçərək uzun müddət, bəzən ömürlük davam edir?
Ənənəvi tibb adətən xəstənin fiziki sağlamlığını bərpa etməyə çalışır, müalicə əsasən xəstəlik əlamətlərinin aradan qaldırılmasına yönəlir. Bu zaman xəstəliyə səbəb olan əsas amillər araşdırılmır və ya onlar aradan qaldırıla bilmir. Bu səbəbdən xəstəlik sanki gizli bir vəziyyətə keçərək vaxtaşırı kəskinləşməklə uzun müddət davam edir.
İnteqrativ tibb isə xəstənin tək fiziki deyil, onun sağlamlığının mental, sosial və s. tərəflərini də nəzərə alır, xəstəliyin əsas səbəbini araşdırmaqla onu aradan qaldırır.

İnteqrativ tibbin üstünlükləri:

• Xəstəyə bütöv yanaşma
• Xəstəliyin səbəblərinin araşdırılması
• Fərdi diaqnostika və kompleks müalicə metodları istifadə edir
• Xroniki xəstəlikləri daha effektiv müalicə etməklə, daha uzunmüddətli remissiya əldə olunur
• Xəstəliyin profilaktikasına xüsusi diqqət verilir
• Müalicə orqanizmin özünübərpa mexanizmlərinin dəstəklənməsi ilə müşayiət edilir
• Həyat keyfiyyətinin yaxşılaşdırılması üçün xəstəyə müvafiq məsləhətlər verir

İnteqrativ tibbdə hansı üsullar istifadə olunur?

Müasir inteqrativ tibdə ənənəvi və alternativ tibbin müxtəlif üsullarından istifadə edilir:


• Qəbul edilmiş laborator və instrumental müayinələr
• Genetik testlər
• Drenaj və detoksikasiya proqramları (təbii tərkibli preparatlarla)
• Biopunktura
• Homeosiniatriya
• İzopatiya
• Mikrobioloji terapiya
• Ozonoterapiya
• Kiçikdozalı təbabət
• Fizioterapiya və reabilitasiya
• Həyat tərzi və qidalanma proqramları
Belə inteqrativ yanaşma hər bir xəstə üçün fərdi müayinə və müalicə planı hazırlanmasına imkan verir.

Nəticə

Müasir tibbdə İnteqrativ yanaşma getdikcə daha çox istifadə olunur. Bu yanaşma insan orqanizmini bütöv şəkildə qiymətləndirərək xəstəliyin səbəblərini araşdırmağa və daha effektiv müalicə etməklə xəstəyə şəfa verməyə kömək edir. İnteqrativ tibb - akademik tibbi tamamlayan və gücləndirən bir yanaşmadır!

Əgər müəyyən xəstəliklər xroniki formaya keçərək uzun müddət davam edirsə, problemin səbəbini araşdırmaq üçün inteqrativ tibb mütəxəssisləri ilə məsləhətləşmək vacibdir!