Yayda ayaqyalın gəzməyin xeyri

  • 2023.05.26 15:34
  • 2095 Baxış
Yayda ayaqyalın gəzməyin xeyri
Uzun müddət əcdadlarımız ayaqyalın gəzsələr də, yastıpəncəlik və ayaq deformasiyalarından əziyyət çəkməyiblər. Bu, insanların qeyri-bərabər kobud səthdə: qumda, otda, torpaqda hərəkət etməsi ilə əlaqədar idi.


“Medicina” xəbər verir ki, həkim – ortoped Ənvər Qiniyatovun sözlərinə görə, ayaqyalın gəzmək olduqca faydalıdır, lakin onun da şərtləri var.

“Ayaqqabısız gəzmək ayağınızda bizim adətən ayaqqabıda nadir halda istifadə etdiyimiz əzələlərdən istifadə etməyə imkan verir. Bu, ayaq biləyinin bağlarını və oynaqlarını gücləndirmək, ayağın əzələ tonunu artırmaq üçün əla fürsətdir.


Nəzərə almaq lazımdır ki, burada çox şey insanın gəzdiyi səthdən asılıdır. Ən uyğun variantda səth qeyri-bərabər olmalıdır: qabar, kiçik çuxurlar, xırda daş, çınqıl və s. Ən yaxşı seçim qumda gəzməkdir. Qum ayağın təbii formasını alır və səthini düzgün masaj etməyə imkan verir.

Onurğanın əyriliyindən əziyyət çəkən insanlar üçün ayaqyalın gəzmək faydalıdır. Bu, yerişinizi düzəltməyə və kürəyinizi düz tutmaq vərdişini inkişaf etdirməyə kömək edəcək, həmçinin tarazlıq hissini yaxşılaşdıracaq. Ayağın səthində bir çox bioloji aktiv nöqtələr var, onların təsiri bədənin müxtəlif orqanlarının və sistemlərinin işini stimullaşdırır. Bunlara beyin, ürək-damar və mərkəzi sinir sistemləri daxildir.


Ayaqyalın gəzməyin mənfi cəhəti odur ki, ayaq dərisi nazikdir, sağalması uzun sürən kəsiklər və sıyrıntılar təhlükəsi var. Bundan əlavə, ayaqdakı kiçik bir yara vasitəsilə belə, infeksiya bədənə daxil ola bilər”.

Aynurə Məmmədova