Yeməkdən sonra yorğunluq və halsızlığın səbəbi- Terapevtdən açıqlama

  • 2023.12.04 14:56
  • 1528 Baxış
Yeməkdən sonra yorğunluq və halsızlığın səbəbi - Terapevtdən açıqlama

“Orqanizm infeksiyalara qarşı daim mübarizə apardığına görə zəif immun sistemi də xroniki yorğunluq yarada bilər. Şəkər xəstəliyi və insulin müqaviməti zamanı da yorğunluq müşahidə olunur”.



"Medicina" xəbər verir ki, terapevt Nahid Məhərrəmov deyib.


Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır. Əgər bir insan fiziki iş gördükdən sonra yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu, normal hal hesab edilir.

Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və altı ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Hər hansı xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır.

- Qeyd edim ki, qanazlığı olan insanlarda, əsasən, yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunur. Anemiyada olan yorğunluq orqanların toxumalarında yetərli miqdarda oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Eyni zamanda, qalxanabənzər vəzi xəstəliklərində, əsasən də, orqanın həddindən artıq böyüməsi, davamlı yorğunluğa səbəb ola bilər.

Orqanizm infeksiyalara qarşı daim mübarizə apardığına görə zəif immun sistemi də xroniki yorğunluq yarada bilər. Şəkər xəstəliyi və insulin müqaviməti zamanı da yorğunluq müşahidə olunur. Belə ki, yemək zamanı qanda şəkərin dərəcəsində düşmə yaranarsa və şirin məmulatlar yemək istəyi, halsızlıq, ürək döyüntülərinin artması müşahidə olunarsa, buna reaktiv şəkər düşməsi deyilir. Belə insanlar tez çəki alır və özlərini tükənmiş hiss edirlər.

Həmçinin, ağciyər və qaraciyər xəstəliklərinin çoxunda yorğunluq görünür.
Yuxarıda sadaladıqlarımızdan başqa, hərəkətsizlik, həddindən artıq fiziki əməklə məşğul olmaq, xroniki stres və depressiya, arıqlamaq üçün pəhrizlər, antidepressant qəbulu, siqaret çəkmək və spirtli içki qəbulu, xolesterol düşürücü dərmanların istifadəsi, normal qidalanmama, vitamin və mineral çatışmazlığı, burun tənəffüsü problemləri də yorğunluğa səbəb olur.


Hər bir xəstəyə özəl müalicə yanaşması seçilməlidir. İlk növbədə, psixoloji dəstək verilməlidir, çox düşünmədən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır. Gün ərzində yarım saat sürətli yerimək və 1,5-2 litrə qədər su içmək önəmlidir. İş mühiti və istirahəti düzgün qurulmalıdır. Qısamüddətli və tez-tez dincəlmə mühiti yaradılmalıdır.

Bundan əlavə, pasiyent düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməlidir. Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədəuyğundur.


Aygün Musayeva