Yeni Klinikada sümük iliyi sığorta hesabına köçürüləcək – Donor necə tapılacaq?

  • 2025.11.20 16:00
  • 168 Baxış
Yeni Klinikada sümük iliyi sığorta hesabına köçürüləcək  – Donor necə tapılacaq?

Xəbər verdiyimiz kimi artıq Yeni Klinikada Sümük İliyi Transplantasiyası mərkəzinin açılış mərasimi olub.

Mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb. Şöbənin hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunması planlaşdırılır.

Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Medicina.az-ın donorla bağlı sualına TƏBİB sədri Vüqar Qurbanov bildirdi ki, bu məsələ ilə bağlı Donor mərkəzi, eləcə də Milli Məclisdə müvafiq komissiyalarla qanunvericiliyə əlavələr, dəyişikliklər edilməsi ilə bağlı müzakirələr gedir.

“Biz beynəlxalq donor bankları, Dünya Donor bankı ilə əməkdaşlığa keçib, onlara müraciət etmək istəyirik. Donorların miqyasını genişləndirəcəyik.

Donor təbii ki, xəstə də müvafiq qanunvericiliyə əsasən tapa bilər, eləcə də biz Donor Koordinasiya mərkəzi, Beynəlxalq donor bankları ilə mütəmadi əlaqədə olacağıq.

Artıq sümük iliyi köçürülməsi üçün Türkiyəyə üz tutmağa ehtiyac olmayacaq. Bütün bunlar İcbari Tibbi sığorta hesabına olunacaq”.

Aygün Musayeva