Yüksəkdozalı C vitamininin daha bir faydası - Yaraları sağaldır

  • 2020.10.07 17:33
  • 1863 Baxış
Yüksəkdozalı C vitamininin daha bir faydası   - Yaraları sağaldır


Müharibə şəraitində zabit və əsgər heyəti arasında müxtəlif silah növləri ilə yaralanma hallarına rast gəlinir. İstənilən növ – istər cərrahi, istərsə də yüngül yara onun daxilində inkişaf edən birləşdirici toxuma vasitəsi ilə, yəni örtüyün əmələ gəlməsilə sağalır.

Bu örtüyün əmələ gəlməsində yüksəkdozalı vitamin C-nin istifadəsi yarasağalmanı sürətləndirir, kollagen sintezini artırır, orqanizmin müqavimətini yüksəldir.


Vitamin C yarasağalmanın bütün mərhələlərində yeni toxumanın yaranması və qanla təmin olunması proseslərində iştirak edir. Yaraların sağalması zamanı külli miqdarda vitamin C sərf olunur; yəni yaranın ölçüsündən asılı olaraq vitamin C-yə olan tələbat kəskin artır və adekvat miqdarda vitamin C ilə əvəzlənmədikdə infeksiya, övrə, bərpa prosesinin pozulması kimi ağır fəsadlara səbəb olur.



Yüksəkdozalı Vitamin C-nin parenteral tətbiqi kritik vəziyyətdə olan xəstələrdə böyük effektə malikdir. Yaralanma zamanı inkişaf edən oksidativ stress orqanizmə dağıdıcı təsir göstərir. Belə ki, periferik qan dövranı (mikrosirkulyasiya) oksidativ stresə qarşı xüsusilə həssasdır və onun pozulması sepsis və poliorqan çatışmazlığının inkişafında mühüm rol oynayır.


Vitamin C kollagen-hidroksilləşdirici fermentlərin (disinonhidroksilaza və prolinhidroksilazanın) kofermenti olub kollagenin sintezində iştirak edir. Dartılmaya qarşı dözümlülük, hidroksiprolinin artması, sümük döyənəyi yaranmasının tezləşməsi və mexaniki bərkliyi təmin etməklə sağalma müddətini qısaldır, bərpanı sürətləndirir.


Yaraların sağalma prosesi neyrosensor və immunoloji reaksiyaların qarşılıqlı əlaqəsi nəticəsində baş verir. Vitamin C-nin isə bu reaksiyaların gedişatında rolu və mühüm fizioloji immunomodulyator xüsusiyyətini nəzərə alaraq, sinir və immun sistemlər də kifayət qədər bu vitaminlə təmin olunmalıdır.



Beləliklə, təsdiq edilmişdir ki, yüksəkdozalı vitamin C-nin venadaxili infuziyası yaraların və sınıqların sağalmasını tezləşdirir, sepsis, böyrək çatışmazlığı və digər ağırlaşmaların qarşısını alır.