Yuxu apnesi nədir, necə sağalmaq olar? – HƏKİM YAZIR

  • 2019.04.12 10:22
  • 13169 Baxış
Yuxu apnesi nədir, necə sağalmaq olar? –  HƏKİM YAZIR

İnsanlar çox vaxt yuxuda xoruldamağı ciddi qəbul etməyib, bunu keçirdikləri günün ağır olması ilə əlaqələndirir, həkimə müraciət etmirlər. Hər gecə xoruladayır və yuxudan ayılandan sonra özünüzü yorğun hiss edirsinizsə, sizdə yuxu apnesi ola bilər.


Sağlamlığıza təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəstə özü hiss etmir. Onun yaxınları çox səsli xoruldamağını, tənəffüsünün bir nəçə saniyəlik dayanmasını, bunun təkralanmasını qeyd edə bilərlər. Yuxuda tənəffüsün 10 saniyədən artıq kəsilməsi, bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasını göstərir. 


Yuxu apnesinin əlamətləri


Hər gecə təkrarlanan bu hal insanın günlük həyatına təsir edir: səhər ayılanda halsızlıq, baş ağrıları, yuxululuq və s. əlamətlər müşahidə olunur. Adi halda insan yatarkən boğazdakı əzələlər hava axınına mane olmasın deyə, tənəffüs yollarını açıq saxlayır. Lakin çəkisi artıq olan və zərərli vərdişləri olan insanlarda dil və badamcıqların ölçüləri normadan artıq böyüyür. Həmin insan arxası üstə yatarkən böyümüş dil və badamcıqlar nəfəs borusunu tutduğu üçün xoruldayır. Ağır formalarda isə gecəyarı təngnəfəs, ölüm qorxusu hissi ilə yuxudan ayılır. Buna gorə möhkəm xoruldayan insanlar yatarkən vəziyyətlərini dəyişdikdə - sağ və ya sol böyrü üstə yatdıqda xoruldamlaları azalır. Çünki böyümüş dil və badamcıq nəfəs yollarından kənara çəkilir. 


Yuxu apnesi xəstəliklərin səbəbi kimi


Yuxu apnesi yuksək təzyiqin əsas səbəblərindən biridir. Bundan əlavə, ürək-damar xəstəlikləri, tromboembolik ağırlaşmalar, ürək ritminin pozulmasına, ürəyin böyüməsi, miokard infarktı riski, cinsi istəyin azalması, gecə tez-tez sidiyə getmə, əsəbilik, depresiya və ən qorxulusu yuxuda ölüm hallarına səbəb ola bilər.

 

Yuxu apnesinin müalicəsi


Yuxu apnesinin heç bir cərrahi və medikomentoz müalicəsi yoxdur. Bu xəstəliklə mübarizə aparmaq üçün insan ilk növbədə həyat tərzini dəyişməlidir: artıq çəkidən azad olmalı, zərərli vərdişlərini tərgitməli, gün ərzində yuxuya olan təlabatını tam ödəməli, sakitləşdirici preparatlardan uzaq durmalıdır. Son illərdə bu xəstəliyin ən effektli müalicəsi üçün CPAP (Continious Positive Airway Pressure) cihazından istifadə edilir. Həmin cihazı yatarkən xəstə burnuna yerləşdirir, ordan ayrılan yumşaq silikon borunun bir hissəsini isə cihazın kənarda olan 2-ci hissəsinə birləşdirir. Bu cihazdan istifadə etməklə yuxu apneli insan yatarkən nəfəs yollarına təzyiqli hava verilir və bununla hava yollarının qapanmasının qarşısı alınır. Xəstə yuxudan ayılarkən özünü gümrah, daha enerjili hiss edir.


Həkim-terapevt Tural Qəmbərov