“Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik”
Bu barədə Uhan xəstəxanasında işləyən həkim BBC-nin “54 Gün” adlı sənədli filmində bildirib.
Filmdə qeyd edilir ki, Çində virus müəyyən ediləndən 52 gün sonra Uhana gediş-gəliş bağlanıb. Çinin koronavirusla bağlı xəbərləri ört-basdır etməsi şübhələri artırır. Adı gizli saxlanan həkim təxminən bir il əvvəlki hadisələri xatırlayaraq tənəffüs xəstəlikləri şöbəsinin 10 yanvar 2020-ci il tarixində dolu olduğunu deyir:
“Hər şey nəzarətdən çıxmışdı, təlaşa düşmüşdük”.
Bir neçə həftə ərzində yüzlərlə, bəlkə də minlərlə şübhəli yoluxmaların olduğunu deyən həkim o zamana qədər yalnız 41 yoluxmanın bildirildiyini qeyd edib.
Amerikalı virusoloq Lan Lipkin deyib ki, virus haqqında şayiələr gəzməyə başladığı üçün ilin əvvəlində Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Corc Qao ilə danışıb. Qao isə ona deyib ki, onun özündə də virus aşkar ediblər, amma çox yoluxucu deyil.