İtaliyanın Lombardiya şəhərinin 101 yaşlı sakini Mariya Orsinqer üç dəfə koronavirusdan sağalıb.
İlk dəfə xəstəlik onda fevral ayında müəyyən edilib. Həmin vaxt İtaliyada COVID-19 epidemiyası təzə başlayırdı,
“Anam xəstəxanaya yerləşdirildi. Hələ o zaman həkim mənə dedi ki, yaşlılardan heç kim xəstəliyi belə yüngül keçirməyib. Onun demək olar temperaturu yox idi və sərbəst nəfəs alırdı. Lakin iki ay öncə o, yenidən koronavirus testindən keçdi, cavab yenə müsbət çıxdı”
Sentyabr ayında koronavirusun ikinci dalğası yayılanda, Orsinqer yenə xəstəxanaya düşür. Bu dəfə onda az qızdırma müşahidə olunsa da, xəstəlik ümumilikdə yüngül formada keçib.
“Ötən həftə bizə zəng edib, anamın yenə koronavirusa yoluxduğunu dedilər. Bu dəfə o, yeganə yoluxan idi. Onda ümumiyyətlə heç bir simptom yoxdur, özünü yaxşı hiss edir, hətta iştahı küsməyib”
Mariya Orsinqer 1919-cu ilin iyunun 21-də – “İspan qripi”nin tüğyan etdiyi dövrdə dünyaya gəlib.