Kabardin-Balkarda həkimlər 18 klinik ölümdən sonra xəstəni xilas etməyi bacarıblar.
“Medicina” xəbər verir ki, Kabardin-Balkar Respublika Yüksək Tibbi Texnologiyalar Mərkəzində xəstənin xilas edilməsi ilə bağlı unikal hadisə baş verib.
47 yaşlı kişi ürək çatışmazlığı və qəfil ürək dayanması əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkimlər reanimasiya zamanı kliniki ölümdən sonra xəstəni 18 dəfə həyata qaytara biliblər.
Kişinin ürəyi nəbz sabitləşənə qədər defibrilatordan istifadə edərək təkrar-təkrar işə salınıb.
"Xəstə ağciyərlərinin süni ventilyasiyasına qoşulub, 18 kliniki ölüm epizodu qeydə alınıb. Reanimasiya tədbirləri fonunda ürək ritmi uğurlu bərpa olunduqdan sonra stent qoyulmaqla koronar angioqrafiya aparılıb.
Xəstənin vəziyyəti stabilləşdikdən sonra o, reanimasiya şöbəsinə göndərilib", - deyə 2-ci reanimasiya şöbəsinin müdiri Murat Aqirov bildirib.
İki gün sonra kişinin vəziyyəti artıq stabil olanda kəskin infarkt fonunda qəfildən ağciyər emboliyası əmələ gəlib və qan laxtası ağciyərlərdə qan axını kəsib.
Kabardin-Balkar üçün ilk dəfə idi ki, belə vəziyyətdə olan kişi əməliyyat olunurdu.
Həkimlər ultrasəs istifadə edərək yerli tromboliz etdilər. Sistem, qanaxma riski yüksək olan xəstələrdə mühüm amil olan trombun effektiv həllini təmin edən ultrasəs və hədəflənmiş trombolizin birgə təsirindən istifadə edir. Bu üsuldan respublikada ilk dəfə istifadə edilmişdir.
Aygün Musayeva