62 yaşlı kişinin 217 dəfə koronavirus peyvəndi vurdurduğu üzə çıxdı

  • 2024.03.06 17:00
  • 459 Baxış
62 yaşlı kişinin 217 dəfə koronavirus peyvəndi vurdurduğu üzə çıxdı
Covid-19 peyvəndlərinin əks təsirləri bütün dünyada müzakirə olunmağa davam edərkən Almaniyada qəribə bir hadisə gündəmə gəlib.

Medicina.az BBC-yə istinadən xəbər verir ki, Almaniyada yaşayan 62 yaşlı kişinin həkimlərin xəbərdarlıqlarına məhəl qoymayaraq nə az, nə çox, düz 217 dəfə koronavirus peyvəndi vurdurduğu üzə çıxıb.

Peyvəndlərin 29 ay ərzində özəl klinikalardan əldə olunduğu müəyyən edilib.

Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını ifadə ediblər.

Universitetin Mikrobiologiya fakültəsindən Dr. Kilian Şober baş verənləri belə izah edib:

“Biz bu məsələni xəbərlərdən öyrəndik. Sonra həmin şəxslə əlaqə saxladıq və onu bəzi müayinələrdən keçirmək istədiyimizi bildirdik. O, böyük maraq göstərdi. Hətta biz tədqiqat apararkən, öz təkidi ilə ona yenidən koronavirus peyvəndi vuruldu”.

Dr. Kilian Şober qeyd edib ki, onlar immunitet sistemini bu qədər çox peyvəndə məruz qoymağın bəzi hüceyrələri yoracağından narahat olublar. Lakin tədqiqatlar zamanı 62 yaşlı kişidə belə bir hala rast gəlinməyib.

Onun Covid-19 keçirdiyinə dair də heç bir əlamət aşkarlanmayıb.

Mütəxəssislər həddən artıq peyvəndi tövsiyə etmədiklərini, həmçinin əldə olunan məlumatların nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.

Aysel