65 yaşdan yuxarı hər kəs müayinələrə dəvət olunur

  • 2026.07.01 16:11
  • 270 Baxış
65 yaşdan yuxarı  hər kəs müayinələrə dəvət olunur


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi bu gündən etibarən“Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” 65 yaşdan yuxarı bütün şəxsləri profilaktik tibbi müayinələrə dəvət edir.


Medicina.az Profilaktik tibbi müayinələrin keçirilməsində əsas məqsəd yaşla bağlı risklərin (insult, infarkt və ya osteoparozla bağlı travmalar) müəyyən olunması, ürək-damar, şəkərli diabet, onkologiya, nevrologiya və s. xroniki xəstəliklərin və onların ağırlaşmalarının erkən diaqnostikası, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinin erkən başladılması və həyat keyfiyyətinin qorunmasıdır. İlkin mərhələdə müayinələrin Bakı şəhərinin 11 tibb müəssisəsi üzrə 70 mindən çox 65+ yaşlı əhalisini əhatə etməsi nəzərdə tutulub.


Bir neçə ay ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər zamanı ilk olaraq Bakı Baş Səhiyyə Mərkəzinin və tabeli tibb müəssisələrinin tibb mütəxəssislərindən ibarət işçi heyət formalaşdırılıb. Belə ki, prosesin icrası zamanı hədəf qrupuna (65+ yaşlı) aid şəxslər müayinələrə dəvət olunur, həmin şəxslərə sahə həkimi tərəfindən ilkin baxış həyata keçirilir, pasiyentlərin xəstəlik tarixi, dərman qəbulu, sosial vəziyyəti və s. qiymətləndirilir.

Profilaktik tibbi müayinələrin keçirilməsində əsas nüanslardan biri də hərəki məhdudluğu olan şəxslərin öz yaşayış evlərində ambulator tibbi müayinələrə cəlb edilməsi, onlara sahə həkimlərinin müayinələri ilə yanaşı tibbi göstəriş olduğu halda portativ EKQ müayinələri, laborator analizlərin, ixtisas həkimlərinin konsultasiyalarının evdə aparılması nəzərdə tutulub.

Belə ki, yekunda profilaktik tibbi müayinələrin nəticələrinin
qiymətləndirilməsi bir sıra xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, hospitalizasiyaların azalmasına, yaşlıların həyat keyfiyyəti göstəricilərinin artmasına səbəb olacaq.

medicina.az