90 yaşlı anatom alim Rafiq Əsgərovun yubiley konfransı

  • 2023.06.07 15:51
  • 3885 Baxış
90 yaşlı anatom alim Rafiq Əsgərovun   yubiley konfransı




Azərbaycan Tibb Universitetində anatom-alim, görkəmli elm xadimi, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Rafiq Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.




"Medicina" xəbər verir ki, 17 yaşından ömrünü Tibb Universitetinə bağlamış Rafiq Əsgərov 72 il bu ocaqda çalışıb, onlarla alim həkim yetişdirib və hazırda universitetinin konsultant professorudur.



Tədbirdə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açılış nitqində alimin keçdiyi həyat yolu və elmi fəaliyyətinə toxunaraq, onun çalışdığı kafedrada tibb elminə gətirdiyi bir sıra yeniliklərdən söhbət açıb. Yubilyarı ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından təbrik edən S. Əliyev onu tibb elminin görkəmli alimlərindən biri, dövrümüzün canlı tarixi kimi dəyərləndirib.


Tədbirdə çıxış edən Rusiya Elmlər Akademiyasının akademiki, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, əməkdar elm xadimi Vaqif Şadlinski hazırda ömrünün müdriklik çağlarını yaşayan istedadlı alimin uzun illər ərzində ATU-da gənc alimlərin fəaliyyətinə dəstək olduğunu bildirib: “Rafiq Əsgərov Azərbaycanda elmi anatomiyanın banisi, görkəmli anatom-alim Kamil Balakişiyevin yaratdığı elmi məktəbinin yetirmələrindən və davamçılarındandır. Onun rəhbərliyi altında 10 nəfərdən artıq tədqiqatçı doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Xüsusi qeyd etmək istəyirəm ki, Rafiq müəllim anatomiya elminin yüksək səviyyədə tədrisində mühüm rol oynayıb. .


Yubiliyarın həyatı və fəaliyyəti haqqında geniş məlumat verən İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev çıxışında professorun həyat yolundan danışıb.

Rafiq Əsgərov 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində doğulub. 1941-ci ildə Bakıdakı 6 nömrəli orta məktəbdə təhsil alıb, 1951-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Rafiq Əsgərov 1954-cü ildə hələ institutun III kursunda oxuyarkən Normal anatomiya kafedrasında laborant, beşinci kursda isə baş laborant vəzifələrinə təyin edilib. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc normal anatomiya kafedrasında aspiranturada saxlanılıb və oranı bitirdikdən sonra kafedranın assistenti vəzifəsinə seçilib. 1985-ci ildə ATİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedranın müdiri vəzifəsinə seçilib:


“Professor Rafiq Əsgərov 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki göstərişlərin, Anatomiya muzeyi haqqında kitabların, onlarla elmi-kütləvi məqalələrin müəllifidir. Onun şəxsən tanıdığı məşhur insanlar haqqında son illərdə qələmə aldığı publisistik oçerkləri üç kitab həcmində toplanıb və işıq üzü görüb”. Rafiq Əsgərovun 1985-1990-cı illərdə institutun Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri vəzifəsində çalışdığı və kafedranın yenidən qurulmasına böyük əmək sərf etdiyi vurğulanıb. İstedadlı alim 1988-1993-cü illərdə bu ali məktəbin elmi işlər üzrə prorektoru vəzifəsini ləyaqətlə yerinə yetirərək, kollektivin dərin rəğbətini qazanıb.


Yubiliyarla bağlı ürək sözlərini bölüşən professorlar Südeyif İmamverdiyev, Məhbubə Vəliyeva və Sahib Musayev onu uzun illərdən bəri tanıdıqlarını dilə gətiriblər. Rafiq müəllimin insani keyfiyyətlərindən söhbət açan natiqlər bildiriblər ki, o elmdə gözəl alim olduğu kimi, həyatda da səmimi insan və qayğıkeş ailə başçısıdır. Onlar Rafiq Əsgərovun hazırda gümrah şəkildə böyük səylə elmi və pedaqoji fəaliyyətini davam etdirməsinin onun şəxsi keyfiyyətlərinin göstəricisi olduğunu da qeyd ediblər.

Çıxış edənlər yubilyara 100 il ömür yaşamağı arzu edbilər.


Sonda çıxış edən yubilyar Rafiq Əsgərov səslənən fikirlər və təbriklərə görə hər kəsə təşəkkür edib. Həmçinin, konfransın təşkilinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, professor Vaqif Şadlinski başda olmaqla, doğma kollektivinə və eləcə də tədbir iştirakçılarının hər birinə minnətdarlığını bildirib.


Qeyd edək ki, Rafiq Əsgərov barədə medicina.az 90 yaşı ərəfəsində geniş müsahibə almışdı.

Rafiq Əsgərov 2000-ci ildə - ATU-nun 70 illik yubileyi ərəfəsində “Tərəqqi” medalına, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Tanınmış anatom- alim dəfələrlə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin fəxri fərmanları ilə təltif olunub. O, 2017-ci ildən indiyə qədər İnsan anatomiyası kafedrasının məsləhətçi-professoru vəzifəsində çalışır.

Aygün Musayeva
MEDİCİNA.AZ