"Ağciyər xəstəlikləri institutunda həkim-reanimatoloq yoxdur, ağır xəstələri tibb bacısı qəbul edir"-- Xəstə ölümlərinin ilginc səbəbi

  • 2020.01.17 16:41
  • 3962 Baxış
"Ağciyər xəstəlikləri institutunda həkim-reanimatoloq yoxdur, ağır xəstələri tibb bacısı qəbul edir"--  Xəstə ölümlərinin ilginc səbəbi
Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfərin ölməsi cəmiyyət arasında ciddi müzakirələrə səbəb olmaqla bərabər, narahatlıq yaradıb.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ölənlərin ağır xəstə olduqlarını bildirib və ölüm faktını normal hadisə adlandırıb. H.Qədirova bu məlumatı ilk dəfə mətbuata ötürən şəxsi “yaramaz” adlandırıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir gündə gerçəkləşmiş iki ölüm faktı ilə bağlı mətbuata məlumat verdiyini deyən vəkil S.Zeynalov isə bunu bənzər halların yenidən yaşanmaması üçün etdiyini deyib.

Medicina.az xəbər verir ki, vəkil oxu.az-a açıqlamasında institutda həkim-reanimatoloqun olmadığını, ağır xəstələri tibb bacıları və təmizliyə baxan personalın qəbul etdiyini bildirib:

“İnstitutda baş vermiş ölüm hadisələrinin səbəbi həkim yoxluğu ilə əlaqədardır. Uzun müddətdir ki, institutda həkim-reanimatoloq çalışmır. Gələn ağır xəstələri tibb bacıları, “sanitarkalar” qəbul edir.
İnstitutda ölüm hallarının yaşadığı gün digər üçüncü xəstənin də həyatı təhlükədə olub. Həmin xəstə, Samux rayon sakini Kərimli Kənan Avaddin oğlu yaxınları tərəfindən dünən gecə saat 02:00 radələrində Avrasiya Hospitalına təxliyyə edilib. Adıçəkilən klinikanın həkim-reanimatoloqu Vüqar Səfərov xəstənin həyatını xilas edib”.

O iddia edir ki, İnstitutun direktoru Həqiqət Qədirova baş vermiş ölüm faktlarını normal hadisə kimi dəyərləndirir və gerçək həqiqətləri ictimaiyyətdən gizlədir:

“Reanimasiya şöbəsinin müdiri Fikrət həkim xəstəliyi ilə əlaqədar əmək qabliyyətini müvəqqəti olaraq itirib və hazırda məzuniyyətdədir. Hazırda başqa bir xəstə də komadadır və hər an həyatla vidalaşa bilər”.

Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tərkibindədir.

İrəli sürülən iddialara TƏBİB-in mətbuat xidmətindəən verilən cavabda isə bildirilib ki, hazırda tibb müəssisələrində monitorinqlər aparıldığından bu barədə məlumat verə bilmirlər:

“TƏBİB-in tərkibində olan müəssisələrin təhvil-təslim prosesləri hələ davam etdiyindən və xəstəxanaların publik hüquqi şəxs statusuna keçid dövrü olduğundan, hazırda TƏBİB-in monitorinq İşçi qrupları tibb müəssisələrində fəaliyyətini davam etdirir.

Bu və digər müəssisələr barədə yalnız İşçi qrupların fəaliyyəti başa çatdıqdan sonra məlumat vermək mümkündür. Bu dövr ərzində isə bütün müəssisələrdə iş prosesi əvvəlki qaydada davam etdirilir”.