Ağır COVID-19 xəstələrinin müalicəsi üçün dərman hazırlana bilər

  • 2021.02.27 11:22
  • 1617 Baxış
Ağır COVID-19 xəstələrinin müalicəsi üçün dərman hazırlana bilər

İsrailin paytaxtı Təl-Əvivdəki “İxilov” klinikasında sınaqların ilk mərhələsində yüksək effektivlik nümayiş etdirən və ağır koronavirus xəstələrini müalicə etməyə imkan verən sınaq preparatı ilin sonunadək tədqiqatların tam tsiklini tamamlamalıdır.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dərmanı yaradan professor Arbar Nadir bildirib.

“Yaxın zamanda tədqiqatların ikinci mərhələsinə keçəcəyik. 50 xəstə bizim dərmanla müalicə alacaq, 50 nəfər də plasebo alacaq. Ardından bir neçə yüz xəstəni əhatə edəcək üçüncü mərhələyə başlayacağıq. Tədqiqatların tam tsiklinin başa çatma vaxtı bir çox amillərdən asılıdır. Ancaq ümid edirik ki, dərmanın tədqiqi işini artıq bu il tamamlayacağıq”, - professor deyib.

Sınaqların ilk mərhələsində “İxilov” klinikasının tədqiqatçıları ağır COVID-19 xəstəsi olan 30 pasiyentə eksperimental dərman verib. Professorun dediyinə görə, dərmanın effekti açıq-aydın görülüb. Birincisi, tədqiqatçılar dərmanın təhlükəsizliyinə əmin olublar, ikincisi, xəstələr nəzərəçarpacaq dərəcədə daha yaxşı nəfəs almağa başlayıblar.

“Kliniki baxımdan da qandakı oksigen faizi artıb, iltihab azalıb və bir neçə gündən sonra xəstələr evə buraxılıb”, - tədqiqatçı qeyd edib.

Dərman sürətli nəfəs alan və qanında oksigen səviyyəsi sürətlə azalan ağır xəstələrə verilib. Preparat gündə bir dəfə sprey şəklində tətbiq olunub.

Dərmanın yaradıcısının dediyinə görə, o, tez və asanlıqla edilir, xüsusi xərclər tələb etmir. Bu dərman təsdiqləndikdən sonra bir neçə ay ərzində bütün dünyada yayıla bilər.