"Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri" layihəsinin bütün istiqamətləri üzrə uğurlu nəticələr əldə edilib. Bu, kənd yerlərinin və regionların inkişafı təşəbbüsü çərçivəsində 8 layihədən biridir".
Bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin nəticələrinin təqdimatında bildirib.
"Layihələrimizlə Azərbaycanın rayonlarının yarısını əhatə etmişik. Bu layihələrdən 5 mindən çox şəxs faydalanıb ki, onların da təxminən 2 mini qadındır. Bir çox ailələr, ev təsərrüfatları əhatə edilib. Əgər söhbət irəliləyişdən, təkamüldən, müasirləşmədən gedirsə bunu mütləq yerli icmalar vasitəsilə həyata keçirmək lazımdır. Aİ-nın 2014-cü ildən maliyyə dəstəyi verdiyi layihələrin miqyası çox genişdir. Əsas amalımız vətəndaş cəmiyyətinin iştirakçılığını təmin etmək, onu gücləndirmək, insanlara inkişaf etmək üçün fürsət vermək, regionlarlın, kənd yerlərinin inkişafına kömək etmək, gənc nəsilə yatırım etməkdir. Azərbaycan hökuməti ilə iki illik proqramımız var, bu proqam razılaşdırılıb, maliyyə vəsaiti ayrılıb. Bu proqramın əsas məqsədi koronavirus (COVID-19) pandemiyasının sosial-iqtisadi sahədə mənfi təsirlərini aradan qaldırmaqdır", - deyə o, qeyd edib.