Alimlər fasiləli orucun təsirini artıran üsul tapdılar

  • 2024.05.31 10:16
  • 742 Baxış
Alimlər fasiləli orucun təsirini artıran üsul tapdılar
Alimlər müəyyən ediblər ki, fasiləli orucu gün ərzində zülal qəbulu ilə birləşdirmək bağırsaq üçün faydalıdır və daha çox arıqlamağı təmin edir.

Medicina.az xəbər verir ki, yalnız günün müəyyən aralığında yemək yeməyi tələb edən fasiləli oruc son illərdə arıqlamaq istəyənlərin üstünlük verdiyi bir pəhriz növüdür.

Daha öncə bəzi araşdırmalar zülal qəbulunun gün ərzinə yayılmasının və fasiləli orucun kilo itkisinə kömək etdiyini göstərmişdi.
İndi isə bu iki üsulun birlikdə tətbiq olunduqda bağırsaq florasına necə təsir etdiyi araşdırılıb.

Məlum olub ki, bu cür qidalanmaq həzm sistemindəki müxtəlif mikroorqanizmlər üçün faydalıdır. Onlar isə ümumi sağlamlıq və immunitet sistemində mühüm rol oynayırlar.

Bu qidalanma tərzi, həmçinin maddələr mübadiləsini tənzimləyərək çəki itkisinə və yağların əriməsinə təsir göstərir.

“Nature Communications” elmi jurnalında dərc edilən araşdırma çərçivəsində kök və ya həddən artıq çəkidən əziyyət çəkən 41 nəfər 8 həftə ərzində iki fərqli pəhrizə riayət edib.

20 nəfər ürək sağlamlığı üçün faydalı olduğu bilinən və məhdud kalori qəbulu ilə tanınan bir pəhrizi izləyərkən, digər iştirakçılar zülal qəbulunu gün ərzinə yayaraq kalori məhdudiyyəti ilə fasiləli oruc tutublar.

Tədqiqatçılar müəyyən ediblər ki, ikinci qrupda iştirak edənlərin bağırsaq florasında faydalı bakteriyalar artıb, bağırsaq simptomları və bədənin yağ tərkibi azalıb. Tədqiqatın əvvəlində bu qrupdakılar bədən çəkisinin orta hesabla 8,81 faizini itirdiyi halda, digər pəhrizə əməl edənlərdə bu nisbət orta hesabla 5,4 faiz olub.

Tədqiqat vacib olsa da, iştirakçı sayının az olması kimi bəzi məhdudiyyətləri var. Bundan əlavə, tədqiqatı maliyyələşdirən qida əlavələri istehsalçısı “Isagenix”in məhsullarının da sınaqda istifadəsi başqa bir qalmaqallı məsələdir.

Bu nəticələrin ictimaiyyət üçün əlçatan olan qidalarla əldə edilib-edilməyəcəyi bilinmir.

Tədqiqat qrupu buna görə də vurğulayır ki, fasiləli oruc tutarkən gün ərzində zülal qəbulunun yayılmasının sağlamlığa təsiri ilə bağlı daha çox araşdırmaya ehtiyac var.


Yenə də bu tapıntılar piylənmə və əlaqəli metabolik problemlərə yeni həll yolları açmaq potensialına malikdir.


Aysel