Alimlərdən yeni kəşf: xərçəng hüceyrələrini tapıb öldürür

  • 2024.05.06 15:15
  • 453 Baxış
Alimlərdən yeni kəşf:  xərçəng hüceyrələrini tapıb öldürür
Xərçəng bütün dünyada ən böyük sağlamlıq problemlərindən biridir. Ölüm nisbəti yüksək olan və hələ də tam müalicəsi mümkün olmayan bu xəstəliklə bağlı son araşdırmalarda böyük irəliləyiş əldə olunub.

Medicina.az xəbər verir ki, yeni müalicə üsulu xərçəngi tarixin tozlu səhifələrinə qata bilər.

Döş xərçəngi xəstələri ilə aparılan bir araşdırma immunitet sistemindəki bəzi "B hüceyrələrinin" xərçəng hüceyrələrini necə aşkarladığını, onları tapmaq və məhv etmək üçün bütün bədəni gəzdiyini müəyyən edib.

Alimlər ümid ediblər ki, onlar bu "superhüceyrələr"i laboratoriyada yetişdirəcək və sonra onları yenidən xəstəyə yeridərək orqanizmin xərçənglə təbii mübarizə qabiliyyətini artıracaq.

"Xərçəng bədənin digər hissələrinə yayıldıqda, müalicə etmək çox vaxt daha çətin olur. Tədqiqatımız göstərir ki, immunitet reaksiyası şişin ilkin yarandığı yerlə məhdudlaşmır. İnkişaf etdirdiyimiz alət xərçəng hüceyrələrini və onların istehsal etdikləri antikorları tanıyan B hüceyrələrini böyütməyə və müəyyən etməyə imkan verəcək”, - araşdırmanın müəllifi, Xərçəng Araşdırma İnstitutundan Dr. Stefen Con Sammut bildirib.

Onun fikrincə, gələcəkdə bu müalicə immunitet sistemini gücləndirmək üçün fərdi şəkildə tətbiq edilə bilər. Metastaz verən xərçənglərin müalicəsi daha çətindir, lakin qeyri-mümkün deyil və bu son tədqiqat xərçəngə son verə biləcək immunoterapiya üsullarının inkişaf etdirilməsi ilə nəticələnə bilər.

Tədqiqat müəyyən edib ki, hamısı olmasa da, bəzi “B hüceyrələri” xərçəngi tanımağı öyrəndikdən sonra genetik məlumatlarını dəyişdirirlər, yəni onlar bunu necə edəcəklərini və hüceyrələrə hücum etmək üçün düzgün anticisimləri necə istehsal edəcəklərini yadda saxlayırlar.

ICR-nin prezidenti, professor Kristian Helin nəzərə çatdırıb ki, immunoterapiyalar bir sıra müxtəlif xərçəng növləri üçün mənzərəni dəyişdirib, lakin təəssüf ki, onlar hələ də yalnız az sayda xəstədə işə yarayır.

Onun sözlərinə görə, immunitet sisteminin bədəni xərçəngdən necə qoruduğunu daha yaxşı başa düşmək lazımdır:

"Əksər tədqiqatlar T hüceyrələrinin roluna diqqət yetirirdi, lakin bu araşdırma B hüceyrələrinin rolu haqqında heyrətamiz bir fikir irəli sürür. Bu, əksər mövcud immunoterapiyalardan fərqli olaraq, daha çox insana kömək ola biləcək müalicələrə gətirib çıxara bilər".

Qeyd edək ki, araşdırmanın nəticələri “Nature Immunology” jurnalında dərc olunub.


Aysel