“Aprel döyüşü”nün müzəffər əsgəri... Koronavirusla mübarizə aparır

  • 10 Avq 2020 14:04
  • 12950 Baxış
“Aprel döyüşü”nün müzəffər əsgəri...  Koronavirusla mübarizə aparır
Ruslanı üz-üzə görməmişəm. Əvvəlcə telefonda tanış olduq. Səbəb COVİD-19 xəstəliyinin ailəmizin başının üstündə əsdirdiyi səmum küləyi idi. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində ağır vəziyyətdə yerləşdirilən qardaşım, reanimasiya şöbəsinin müdiri, həkim reanimotoloq Gülarə Abbasovanın səyləri nəticəsində kritik durumdan çıxarılandan iki həftə sonra, elə həmin xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsinə yerləşdirildi. Təbii ki, COVİD xəstəliyinin çətin şərtlərinə görə, nə xəstəxanaya getmək olur, nə də ki, xəstələrimizi görə bilirdik. Belə bir məqamda, mobil telefon vasitəsi ilə xəstəmizin vəziyyətini öyrənmək üçün şöbənin həkimləri və tibb işçiləri ilə əlaqə saxlamalı olurduq. Beləcə tez-tez zəng vurduğum qardaşımdan xəbər bildiyim tibb işçilərindən biri də üzünü görmədiyim Ruslan Ağakişiyev idi. Bilirdim ki, tək adamlıq palatada xəstəliyin ağırlığından zəif düşən, hətta özü durub ayaqları ilə sərbəst gəzə bilməyən xəstəmizin bütün şıltaqlıqlarına dözür, onu çay verir, yemək yedirir, paltarını dəyişir və üzünü qırxırdı...


Bir həftədən sonra xəstəmiz artıq özünə gəlməyə başlayanda, oxumağa kitab istədi. Xəstəxanaya göndərdiyim kitabların içərisində müəllifi olduğum, 2016-cı ilin aprel ayında qəhrəmanlıqla şəhid olan hərbçilərimizin həyatına həsr etdiyim “Qalibiyyət: şahidlər və şəhidlər” kitabı da var idi...


Həmin gün gecədən xeyli keçmiş telefonum zəng çaldı. Baxdım ki, Ruslandır. Çox həyəcanlandım. Yenə elə düşündüm ki, yəqin xəstəmizin halı pisləşib. Xəttin o başında Ruslan: “Aida xanım, mən sizə çox minnətdaram, sizdən icazəsiz şəhidlərimiz haqqında yazdığınız kitabı götürmüşəm oxumağa. Orada şəhid olanların çoxunu tanıyırdım. O dostlarla birlikdə mən də “Aprel döyüşləri”nin iştirakçısı olmuşam...”.


O gündən sonra Ruslanla te-tez zəngləşirdik. Zaman keçdi. Ağ xalatlı həkimlərin, tibb işçilərinin böyük zəhməti nəticəsində bizim xəstəmiz sağalaraq, evinə- doğmalarının, əzizlərinin yanına döndü.


- Bu günlərdə COVİD xəstələrinin sayının azalması səbəbindən sevincimi bölüşmək üçün Ruslana zəng etdim. Dedim ki, Ruslan sizi təbrik edirəm. Yəqin ki, iş yükünüz nisbətən azalıb. İndi səninlə danışa bilərik. Bilirsən ki, sənin “Aprel döyüşləri”ndə iştirakın mənim üçün ən xoş xəbər olub. De görüm işləriniz nə yerdədir?


- Hazırda bizim xəstəxanada otaqların çoxu boşalıb. Bu çox sevindirici bir haldır ki, xəstələrin çoxusu sağalıb evinə döndü. Bu yaxınlarda İtaliyadan gələn həkimlər xəstəxanamızda oldular. Və bizim işlədiyimiz şəraitlə tanış oldular. Təcrübəmizi bəyəndilər. Tərcüməçi vasitəsi ilə onlara necə işlədiyimizi başa saldıq. Xəstəxanadakı iş metodumuzu öyrəndilər.


- Bildiyim qədər, Mərkəzi Neftçilər Xəstəxanasında koronavirusla işləmək metodunu ilkin olaraq baş reanimatoloqunuz, Reanimasiya şöbəsinin müdiri Gülarə Abbasova təşkil etmişdi.


- Bəli. Gülarə xanım Abbasova bizim üçün qırmızı və yaşıl dəhliz yaratdı. Soyunub-geyinmə qaydaları öyrətdi, qrafik tutdu və bu günə qədər də həmin qaydalarla işləyir bütün tibb işçilərimiz. Ona görə də bizim xəstəxanada tibb işçiləri içərisində kəskin yoluxma olmadı. Biz gündə iki dəfə çalışdığımız şöbələrdən çıxıb, paltarlarımızı dəyişib, nahar edib, çay içirik ki, xüsusi qoruyucu geyimlərdə işləməyə gücümüz olsun. İş günümüz bitəndən sonra dəniz kənarında bizim üçün xüsusi ayrılmış oteldə qalmağa gedirik. Hazırda Gülarə Abbasovanın yerini ATU-nun Tədris cərrahiyə xəstəxanasına dəyişiblər. İndi orada qayda yaradır. Lakin Gülarə həkim oteldə də qayğımıza qalır, nə yeyib-nə içdiyimizlə maraqlanır. Bilirsiniz həkimin münasibəti ilə şöbədə iş qurulur. Onun tövsiyələri ilə bizim işlərimiz də uğurlu alındı. İtaliyalı həkimlər də onun yazdığı iş rejimindən bəhrələndilər.



- Ruslan, bildiyim qədər, mart ayından etibarən koronavirusla mübarizə aparmaq üçün işə cəlb edilmisən. Bəs əvvəllər harada işləmisən?


- Mən əsgəri xidmətimi başa vurandan sonra gəldim Mərkəzi Neftçilər Xəstəxanasında, burda işə düzəldim. Mənim insanlara yardım etməkdən, xidmət göstərməkdən xoşum gəlir. Kiməsə köməyim keçəndə sevinirəm. Bir gün bizə dedilər ki, xəstəxana karantinə bağlanır. Və biz də evə gedib gözləməyə başladıq. İki gündən sonra martın sonunda xəstəxanaya gəldik. Çox ağır şəraitdə işləməyə başladıq. Gülarə xanım Abbasovanın rəhbərliyi ilə şöbələri COVİD-19 üçün hazırladıq. Çünki koronoviruslu xəstələrlə işləmək çox çətindir. İnsan öz həyatını təhlükə altında qoyur. Axı bizim də doğmalarımız, gözləyənlərimiz var. Bununla belə, Vətənə kömək lazımdırsa, kənarda qalmaq olmazdı. Mənim özümdən iki yaş kiçik qardaşım Aslan da bu xəstəxanada işləyir. Biz demək olar ki, bir-birimizi çox az görürük. O işə gələndə, mən otelə gedirəm. Ümumilikdə iş günümüz 12 saat təşkil edir.


- Xəstəliyə yoluxmaq kimi bir qorxu keçirdinmi?


- Əslində mən xəstəliklə ilk mübarizəyə başlayandan az sonra, aprel ayının ortalarında, elə xüsusi paltarı geyindiyimin ilk günlərində dadbilmə, iybilməni itirdim. Aktivliyim aşağı düşdü. İmmunitetim güclü olduğundan xəstəliyi ayaq üstə keçirdim. Şükür Allaha, bu gün sağlamam. Yəqin ki, bundan sonra da işləyəcəyəm.


- Xəstələri necə gördün? Ağır xəstələri xilas etdiyin olubmu?


- Bir xəstə var idi. Lal idi. Qulaqları eşidirdi, danışa bilmirdi. Mən ona qulluq edirdim, prosedura aparıb-gətirəndə, baxdım ki, nəsə demək istəyir, ancaq məni başa sala bilmir. Dedim ki, mənə minnətdarlıq etmək istəyirsən? Bu sözü deyəndən sonra, baxdım ki, həm gülümsəyir, həm də gözlərindən yaş gəlir.
Bir dəfə də bir dializ xəstəsini verdilər ki, onu dializə aparım. Dəhlizlərimiz çox uzundur. Dəhlizlə gedəndə baxdım ki, xəstənin səsi-nəfəsi gəlmir. Onu birbaşa Gülarə həkimin olduğu reanimsiyaya apardım. Dərhal intubasiyaya qoşdular. Mən qərar qəbul edib, cəld tərpənməsəydim, o xəstəni xilas etmək olmazdı. Şükür Allaha ki, sağaldı. Mənim işim xəstələri çarpayılarda, kolyaskalarda aparıb-gətirmək, onların yerini dəyişməkdən ibarətdir. Mən burada çox işlərə baxıram, əməliyyatxanada, digər otaqlarda xəstələrin, həkimlərin işinə kömək edirəm. Xəstələri dializ aparatına qoşuram. Ancaq reanimasiyada işləyən tibb işçiləri Telman və Elman qardaşlarının işi lap ağırdır. Bildiyiniz kimi, COVİD əsasən ağır çəkili insanlarda daha çox fəsad yaradır. Çəkiləri 100-120-130 kilo olan həmin xəstələri Elman və Telman qaldırır, 5 saatdan bir kürəyi üstə çevirirlər, gündə neçə dəfə altını dəyişirlər, o xəstələr reanimsiyada çox ağır vəziyyədə olurlar. Biz isə onlara kömək etməkdən zövq alırıq. Bizim kollektiv əvvəllər də mehriban idi. Bu ağır günlərdə lap mehriban olmuşuq. Bir də ki, o xəstələrin xeyir-duaları bizim ən böyük qazancımızdır.



- Bilirəm ki, 9 aylıq bir oğlun da var. İndi onun ən sevməli vaxtıdır? Darıxmırsan ki?


- Demək olar ki, telefonla görüşürük. Artıq səsimi, üzümü tanıyır. 1-2 dəfə evə getmişəm. Anam-atam, ailəmlə nahar edib, sonra geriyə - məni ğözləyən xəstələrimizin yanına qayıtmışam. Bilirsiniz ağır olan nədir? Körpə, şirin, sevimli övladını qucağına alıb, bağrına basa bilmirsən, doyunca onun körpə qoxusunu iyləyə bilmirsən... Mən onun necə böyüdüyünü görə bilmirəm. Onun ətri üçün darıxıram. Ancaq neyləyim ki, Vətən hər şeydən irəlidir. Vətən çağırırsa, öndə olmalısan.


- Vətən dedin. Sən “Aprel döyüşləri”ndə sona qədər iştirak etmisən.


- 2016-cı il aprel ayının 1-i mən hərbi qulluğumu başa vurub, evimizə qayıtmalı idim. Eə həmin gün tabora həyəcan siqnalı verildi. Dedilər ki, düşmən təxribatıının qarşısını almalıyıq. Bizi Füzuli istiqamətindən strateji mövqelərdə yerləşdirdilər. Mən artilleriyada 82 millimetrlik minomyotunda idim. Kəşfiyyatçılara dəstək verirdik. Döyüşə girməyimizlə Lələtəpəni almağımız bir oldu. 4 gün döyüşdük. 10 gün də mövqelərimizdə səngər qazdıq, yaralıları daşıdıq, ərazidə qalan şəhidlərimizi çıxardıq. Artıq evə getmək haqqında arzuları unutmuşduq. Bir silahımız idi, bir komandirlərimiz, bir də yaxın dostlarımız. Hamımız irəlini düşünürdük. Mülki camaat da bizə yardım edirdi. Hamımız düşünrüdük ki, irəlidəki ərazilərimizi götürüb, Qarabağa çatacağıq. Orada mənim komandirim var idi-mayor Faiq Qasımov. Əlini çiynimə qoyub, videolarda gördüyünüz məşhur Cəbrayıl işarəsi olan dirəyin üstündən gedən yolu göstərib deyirdi ki, oğul bax, o yol Qubadlıya gedir. Cənab Qasımov da, mən də Qubadlıdanıq. Mən sizə anlada bilmirəm, hər dəfə o yola baxanda keçirdiyim hissləri. Ürəyim atlanırdı. Elə bilirdim ki, lap yaxın günlərdə kəndimizdə olacağam. Əhval-ruhiyyəmiz o qədər yüksək idi ki... Mən axı Qubadlını görməmişəm. Tez-tez soruşurdum ki, komandir neyləyək?! Deyirdi, əmri gözləyin. Lakin düşmən təxribat edirdi, əclaflar dinc sakinlərə atırdılar. Bizim batalyon komanditrimiz var idi, mayor Rasim Məmmədov. Çox qeyrətli və mərd bir insan idi. Tez-tez taboru sıraya düzüb dərs keçirdi, öyüd-nəsihət verirdi. Deyirdi ki, boş-boşuna şəhid olma, əvvəlcə get qarşıdakı təpələrdən birini al, sonra şəhid ol. Deyirdi ki, sizin ata-ananız onda sizinlə fəxr edər ki, siz burada qəhrəmanlıq göstərəsiniz. O şəhid olanda çox pis olduq. Biz general Mais Bərxudarovu əsgərlərlə birlikdə görürdük. Elə bil ki, bizim birimiz idi. COVİD pandemiyası başlamazdan əvvəl, təsüdüfən general Mais Bərxudarovu xəstəxanamızda gördüm. Yaxın qohumunu xəstəxanaya gətirmişdi. Ürəyim əsə-əsə ona yaxınlaşıb, hərbi salam verdim. Sevindi. Özümü təqdim etdim. Biləndə ki, burada da xidmət edirəm, dedi sənə Vətənə xidmət yaraşır. “Aprel döyüşləri”ni yada saldıq.


- Düşmənlə çoxmu üz-üzə gəldiniz?


- Düşmənlə bir neçə dəfə üz-üzə gəldik. İnanın ki, bizi görəndə silahlarını atıb qaçırdılar. Mənimlə birlikdə xidmətdə olan əsgər dostlarım Rəşad Əlizadə, Məftun İsmayılov var idi. Düşmənə göz verib, işıq vermirdilər. Mən aprelin 14-də evə gələndə atamın saçlarını ağappaq ağarmış gördüm. Anam dedi ki, mənim ön cəbhədə olduğum müddətdə, onun saçları ağarmışdı. Bayrağı Lələtəpəyə gözümün qabağında Elvin adlı dotumuz sancdı. Ruhin Qəhrəmanov var idi. MAXE. Onunla tez-tez siqaret çəkməyə çıxırdıq. Onun gözləri intiqam hissi ilə yanırdı. Onun gözlərini unuda bilmirəm. Çox istəyirdi ki, tezliklə Cəbrayıl rayonu azad olunsun. O, həmin rayondan idi. Sonra şəhid oldu.
Biz düşməndən qorxmurduq ki... Bu dəqiqə çağlrsalar yenə də gedərəm. O gün ermənilər tərəfindən Tovuz təxribatı baş verəndə ürəyim uçunurdu. Fikirləşirdim ki, yəqin ki, əmr verilsə, yenə gedib döyüşəcəm. Yenə olmadı... Qulağım səsdə qaldı. Mən həmişə ön cəbhədə döyüşmək istəmişəm... Qismət belə alındı ki, iş axtarıb, sonda “COVİD cəbhəsi”nə düşdüm. İndi burada vuruşuram.


- Ruslan erməni ilə mübarizə asandır, yoxsa COVİD-lə?


- Erməni kimdir ki, biz ondan qorxaq. O bizim qarşımızdan silahı atıb qaçırdı. O əclaf və şərəfsizlərin gücü dinc əhaliyə çatır. Pandemiya bütün dünyada gözə görünməyən bir mərətdir. Bilmirsən ki, sənə harada, necə hücum edəcək. Biz COVİD-19-la mübarzə apardıq. Şükür allaha, nəticəsini də aldıq. Bu gün mənim işlədiyim şöbədə heç 30 nəfər xəstə sayılmaz. Şükür Allaha ki, azaldılar. Kritik günlər aşağı düşdü. Bu pandemiya dövründə biz çox çətin şərtlər daxilində gecə-gündüz işlədik. İndi bizim tibb işçilərimiz də artıq həkimlər qədər təcrübə qazaniblar. Böyük sınaq və imtahandan üzüağ çıxdıq.


- COVİD xəstəliyi nə zaman bitəcək, bilmirik... Sona qədər bu cəbhədə varmısan?


- Sonacan. Lələtəpədə qazandığımız uğuru burada da qazanmalıyam.


Ruslan Ağakişiyev özünü bəxti gətirən əsgər sayır və deyir ki, onun hərbi biletində Qalibiyyətimiz haqqında belə bir qeyd yazılıb: “02.04.2016-cı il tarixdən 05.04.2016-cı il tarixədək düşmən təxribatının qarşısını alınması və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. 706 nömrəli hərbi hissənin qərargah rəisinin vəzifəsini icra edən: polkovnik R.Bədəlov”.


Mən isə bu yazını Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinin baş həkimi Gülarə Abbasovanın bir fikri ilə bitirmək istəyirəm: “Gün o gün olsun ki, biz COVİD-lə mübarizədə qalib gələk. Bu gözə görünməyən xəstəliklə apardığımız müabrizə ömür kitabımıza yazılıb. Ağır günlərimiz bitəndən sonra Azərbaycan xalqı bizi ayaq üstə “Heyratı” sədaları ilə alqışlasınlar!. Bu bizim ən böyük mükafatımız olar.”.


Artıq bu gün COVİD-19-la mübarizədə xəstələrimizin sayı ikirəqəmlidir. Bu böyük bir uğurdur. Gün o gün olsun ki, bütün düşmənlərimiz üzərində qələbə qazanaq! Koronavirusa son qoyduğumuz gün qurbanlar kəsək!