Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avokadonun tumunu atmayın! – Kəpəkdən və sızanaqdan xilas edən reseptlər

  • 2024.03.28 20:00
  • 1003 Baxış
Avokadonun tumunu atmayın! –  Kəpəkdən və sızanaqdan xilas edən reseptlər
Avokadonun orqanizm üçün çox faydalı olduğu hamıya məlumdur. Ancaq aparılan son araşdırmalar avokado toxumlarının da ən az özü qədər təsirli olduğunu göstərib. Odur ki, avokado tumundan hazırlanan müxtəlif sağlamlıq və gözəllik reseptləri son dövrlərdə sürətlə populyarlaşır. Belə ki, bəziləri ondan sağlamlıq problemlərini həll etmək üçün qida əlavəsi kimi, kimiləri də kosmetik vasitə olaraq istifadə edir.

Medicina.az avokado tumunun faydalarını və ondan yararlanmağın üsullarını təqdim edir:

Avokado tumu sayəsində dəridəki sızanaq problemlərindən, eləcə də yağlı saç və kəpək dərdindən xilas olmaq mümkündür.

Avokado tumlarından inanılmaz effekt əldə etmək üçün əvvəlcə onları istifadəyə yararlı hala gətirməlisiniz. Bunun üçün tumların xarici təbəqəsini, yəni qəhvəyi qabığını soymalısınız. Sonra tumun qurumasını gözləyin. Quruduqdan sonra tumu sürtgəcdən keçirin. Əldə etdiyiniz məhsulu ən aşağı temperaturda sobada bişirin. Bir saatsan sonra istifadəyə hazır olacaq. Avokado tumunu təbii yolla istifadəyə yararlı hala saldıqdan sonra bir çox qida ilə qarışdıraraq faydalı maskalar hazırlaya bilərsiniz.

Onlardan bəzilərini təqdim edirik:


Qəhvə və dəniz duzu ilə qarışdırın!

Hazırladığınız avokado tumunu üyüdülmüş qəhvə ilə qarışdıra bilərsiniz. Bu qarışıma biraz dəniz duzu da əlavə etsəniz, daha təsirli olacaq. Qarışığı masaj hərəkətləri ilə dərinizə tətbiq edin. Təbii skrab effektini yuyunduqdan sonra hiss edəcəksiniz.


Sızanaqları qurudun!

Bir çox insan sızanaqları asanlıqla qurutmaq üçün kimyəvi maddələrlə dolu vasitələrdən istifadə edir. Ancaq buna ehtiyac yoxdur. Sürtgəcdən keçirilmiş avokado tumunu ilıq su ilə yaxşıca qarışdırın. Effekti artırmaq üçün buraya bir neçə damcı çay ağacı yağı əlavə edin. Yalnız sızanaqlı nahiyələrə çəkin və 6 dəqiqə saxlayın. Vaxt tamam olanda üzünüzü ilıq su ilə təmizləyin. Sızanaqlarınız qurumağa başlayacaq.


Dərinizi təravətləndirin!

Dərini təravətləndirmək və sızanaq problemlərini həll etmək üçün bu qarışığı da sınaya bilərsiniz: Hazırladığınız avokado tumunu toz gil və az miqdarda su ilə qarışdırın. Maskanı gözaltı və dodaq çevrəsi istisna olmaq üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yuyun. Ardınca nəmləndirici krem çəkin.


Kəpəkdən xilas olun!

Tavaya hazırladığınız avokado tumundan bir neçə qaşıq töküb üzərinə 100 ml su əlavə edin. Tumu 30 dəqiqə vam odda bişirin. Qarışığı süzün və əldə etdiyiniz şirənin ilıq hala gəlməsini gözləyin. Saçlarınızı şampunla yuyub təmizlədikdən sonra son addım olaraq bu su ilə durulayın. Bu, kəpək probleminə qarşı təsirli bir həll yolu olacaq.


Qida əlavəsi kimi istifadə edin!

Əgər piylənmə, ateroskleroz və ya qan təzyiqi ilə bağlı probleminiz varsa, avokado tumu istehlak etməyiniz məsləhətdir. Bədəndəki iltihablar, soyuqdəymə və ya həzm pozğunluqları avokado tumunun müalicəvi təsiri ilə yüngülləşməyə başlayacaq.

Yazının əvvəlində izah etdiyimiz üsulla hazırladığınız avokado tumunu salatlara, smuzilərə əlavə etmək olar. Rəndələnmiş avokado tumu ilə hər cür salat hazırlaya bilərsiniz. Bununla belə, ondan avokado və tərəvəz əsaslı salatlarda istifadə etməyi məsləhət görürük. Salata yumurta, qaynadılmış ət və ya balıq da əlavə edə bilərsiniz.


Enerjinizi artırın!

Gün ərzində enerjili hiss etmək üçün də avokado tumundan yararlana bilərsiniz. Bunun üçün blenderdə 2 stəkan badam südü, banan, kərəviz, ispanaq və 1 çay qaşığı rəndələnmiş avokado tumunu qarışdırıb için.


Aysel