Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlk süni kornea nəqli: 91 yaşlı xəstə görməyə başladı

  • 2024.06.04 16:00
  • 1644 Baxış
İlk süni kornea nəqli:  91 yaşlı xəstə görməyə başladı
İngiltərədə həyata keçirilən ilk süni buynuz qişa (kornea) transplantasiyası 91 yaşlı Sesil Farlinin görmə qabiliyyətini bərpa edib.

Medicina.az “The Guardian”a istinadən xəbər verir ki, İngiltərənin cənub-şərqindəki Surrey bölgəsində yaşayan Sesil Farli 15 ildir sağ gözündə yaranan problemdən əziyyət çəkirdi. O, bu səbəbdən bir müddət sonra görmə qabiliyyətini də itirib.

Farlinin görmə qabiliyyətini bərpa etmək üçün insan buynuz qişasından istifadə edilən əvvəlki əməliyyat uğursuz olub və həkimlər növbəti əməliyyatın da uğursuz ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Böyük Britaniyanın Milli Səhiyyə Sisteminin (NHS) bəzi həkimləri Farlinin görmə qabiliyyətini bərpa etmək üçün onun gözünə süni buynuz qişa implantı yerləşdiriblər. Bu tətbiqlə görmə qabiliyyətini bərpa edən 91 yaşlı Farli İngiltərədə süni buynuz qişa nəqli edilən ilk şəxs olub.

O, mövzu ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib:

“63 illik evliliyimdən sonra hələ də həyat yoldaşımı görə bilirəm, normal həyatımızı davam etdirə və həyatı mümkün qədər doya-doya yaşaya bilirik”.

Əməliyyatın aparıldığı tibb müəssisəsinin məsləhətçi oftalmoloqu Tomas Pul verdiyi açıqlamada süni implantın insanın buynuz qişası ilə eyni qiymətə başa gəldiyini və implant tətbiqinin xəstələrin görmə qabiliyyətini yaxşılaşdırdığını bildirib.

"Bəlkə 10 və ya 20 ildən sonra bu əməliyyat zamanı insanın buynuz qişasına ümumiyyətlə ehtiyac duymayacağıq. Sadəcə qutudan yeni bir model çıxara biləcəyik ", - o qeyd edib.

Süni buynuz qişa nəqlinin görmə qabiliyyətini yaxşılaşdırmaq və ya bərpa etmək üçün müalicəyə ehtiyacı olan bir çox xəstəyə fayda verə biləcəyi ümid edilir.


Aysel