Peyvəndlər 154 milyon insanın həyatını xilas edib - ÜST

  • 2024.04.25 09:30
  • 489 Baxış
Peyvəndlər 154 milyon insanın həyatını xilas edib -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın rəhbərlik etdiyi qlobal peyvənd səyləri ilə son 50 ildə 154 milyon insanın həyatının xilas edildiyini təxmin etdiklərini söyləyib.

Medicina.az xəbər verir ki, o, bu barədə ÜST-nin həftəlik mətbuat konfransında bildirib.

Baş direktor peyvəndlər sayəsində çiçək xəstəliyinin aradan qaldırıldığını, bir vaxtlar qorxulu olan qızılca və sətəlcəm kimi bir çox xəstəliyin indi asanlıqla qarşısının alındığını qeyd edib.

Dünyada uşaqların 84 faizinin difteriya, tetanoz və göy öskürəyə qarşı üç doza peyvənd edildiyini bildirən Qebreyesus, ÜST-nin Genişləndirilmiş İmmunlaşdırma Proqramını (EPI) başlatdığı 1974-cü ildə dünya üzrə körpələrin cəmi 5 faizindən azının peyvənd edildiyini xatırladıb.

EPI-nin çiçək və digər xəstəliklərə qarşı standartlaşdırılmış peyvənd proqramlarının yaradılmasında ölkələri dəstəklədiyini ifadə edən Qebreyesus sözlərinə belə davam edib:

“50 il ərzində ÜST və tərəfdaşlarının dəstəyi ilə peyvənd proqramları yaradılıb. EPI milyonlarla uşaq, yeniyetmə və böyüklərə 30 xəstəliyə qarşı peyvənd əldə etməyə kömək edir. ÜST-nin apardığı yeni araşdırmalara görə, EPI 1974-cü ildən bəri ən azı 154 milyon insanın həyatını xilas edib. Bu o deməkdir ki, son 50 ildə peyvəndlə gündə 8 min, saatda isə 6 insan həyatı xilas edilib”.

O, peyvəndlər sayəsində bu gün doğulan uşağın 5 yaşına çatma ehtimalının 50 il əvvəl doğulan uşaqdan 40 faiz daha çox olduğunu izah edib.

"EPI son 50 ildə çox uğurlar qazandı, lakin Covid-19 pandemiya prosesi bütün dünyada rutin peyvənd proqramlarını pozdu. Bir çox ölkədə böhranlar və qarşıdurmalar milyonlarla insanın peyvənd olunma fürsətini əldən verməsi ilə nəticələnir”, - o vurğulayıb.

Qebreyesus sonda dünya liderlərini insanları peyvəndlər və həyat qurtaran digər məhsullarla təmin edən peyvənd proqramlarını dəstəkləməyə və maliyyələşdirməyə çağıran "İnsanlıqla mümkündür" adlı kampaniya başlatdıqlarını elan edib.


Aysel