"Azərbaycanda 3-cü doza vaksin vurduranlar çoxdur" - İnfeksionist

  • 07 Okt 2021 10:22
  • 210 Baxış
"Azərbaycanda 3-cü doza vaksin vurduranlar çoxdur" -  İnfeksionist
"Daha əvvəl vurulan iki doza vaksindən sonra 3-cü (buster), yəni əlavə gücləndirilmiş dozanın vurulması immun sistemdə antitellərin miqdarı düşməsin deyə, xatırladıcı olaraq vurulur".

Medicina.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.



O bildirib ki, buster doza ikinci doza vaksindən 6 ay keçdikdən sonra vurulur, çünki müəyyən müddət sonra qoruyuculuq azalır:

"Bədən koronavirusa qarşı qoruyuculuğu davam etdirsin deyə, buster dozadan istifadə olunur. Azərbaycanda da 3-cü doza vaksin vurduranlar çoxdur. 3-cü doza vaksinin heç bir yan təsiri yoxdur. Daha əvvəlki doza peyvəndlər necə təsir göstərirdisə, bu da eyni olur. Peyvəndə qarşı yan təsir özünü, əsasən, əvvəlki dozada göstərir. İlk dozada yan təsiri olmadığı halda, sonradan hər hansı yan təsirlərin olma ehtimalı çox azdır".

İnfeksionist qeyd edib ki, iki doza vaksin yetərli antitel sayı yaradır, amma iki dozadan müəyyən vaxt sonra antitellərin miqdarı düşür:

"Bilirik ki, koronavirusa qarşı davamlı qoruyuculuq yoxdur. Bir insan dəfələrlə xəstələnə bilər. Antitelin miqdarı azaldığı zaman biz yenidən xəstələnə bilirik, bədənin virusa qarşı qoruyuculuğunu saxlaması üçün xatırladıcı buster dozadan istifadə edirik. Buster doza daha əvvəl qəbul olunmuş peyvənd növündən və ya fərqli də ola bilər. Risk qrupunda olan insanların 3-cü doza vaksin vurdurması məsləhətdir. Yaş artdıqca, risk də artır, ona görə yuxarı yaşlı insanların 3-cü doza vurdurması tövsiyə olunur. Həmçinin yanaşı xəstəliyi olanlar da vurdurmalıdır. Necə ki, əvvəl kimlərin daha çox peyvənd vurdurmağa ehtiyacı olduğunu deyirdilər, buster doza da həmin şəxslərə vurulmalıdır. Ümumilikdə buster doza 6 ay əvvəl iki doza peyvənd vurdurmuş hər kəsə aiddir".

V.Əliyevin sözlərinə görə, 3-cü doza fərqli bir şey deyil:

"Sadəcə, peyvəndin qoruyuculuq müddətinin artırılması məqsədilə vurulur. Nə qədər ki bu bəla sovuşmayıb, dəqiq müalicəsi yoxdur, əlimizdə sadəcə peyvənd var deyə, istəyirik ki, bu qoruyuculuğu davamlı edək. Biz gördük ki, yoluxma halları yayda və qışda da arta bilir. Səbəb çoxdur. Doğrudur, havalar soyuyanda infeksiyanın yayılma riski daha da artır. Azərbaycanda vaksinasiya prosesinə yanvar ayından başlanılıb. Təxminən avqustdan etibarən insanlar buster doza qəbul etməyə başlayıblar".