Azərbaycanda dərman özbaşınalığı - Niyə hər şey çox baha və keyfiyyətsizdir?

  • 24 Dek 2021 15:51
  • 1243 Baxış
Azərbaycanda dərman özbaşınalığı -  Niyə hər şey çox baha və keyfiyyətsizdir?
Bu gün dövlətin ən çox diqqət və maliyyə ayırdığı sahələrdən biri də səhiyyə sahəsidir. Təqribən son on ildə Azərbaycanın səhiyyə sistemində bir çox islahatlar aparılıb - bir sıra dövlət proqramları qəbul edilib, tibbi xidmətlərin səviyyəsi müasir standartlara çatdırılıb, maddi-texniki baza möhkəmləndirilib, yeni klinikalar istifadəyə verilib və s. Bu proseslərin hər biri haqqında ayrıca danışa bilərik.


Medicina.az 525.az-a istinadən dərman bazarındakı problemlər barədə araşdırmanı təqdim edir.

Yəqin ki, son iki ildə ümumbəşəri problem olan koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda ölkəmizdə dərmanlarla bağlı xaosu çoxumuz xatırlayırıq. Tapılmayan dərmanlar, yaxud vəziyyətdən sui-istifadə edərək qiymətlərin dəfələrlə şişirdilməsi, apteklərin piştaxtası altından "gizlin" satılan "arbidol"lar, "favipravir"lər, peşə vicdanını cibi ilə dəyişən "həkimlərin" firmalarla əlbir olub insanlara lazım gəldi-gəlmədi yazılan dərmanlar və s. Bəli, biz son iki ildə təkcə koronavirus pandemiyasından qorunmaq, sağalmaq üçün mübarizə aparmırdıq. Biz eyni zamanda dərman bazarını başına götürmüş bu özbaşınalığa qarşı da mübarizə aparmaq, daha doğrusu, bunun qurbanına çevrilməmək üçün də mübarizə aparmalı oluruq.

Lakin təəssüf ki, dərmanların satışı ilə bağlı bir sıra problemlər hər zaman aktuallığını qoruyur və bizə nikbin düşünmək imkanı vermir. Xüsusilə, eyni preparatların qonşu ölkələrlə nisbətdə dəfələrlə baha və keyfiyyət baxımından aşağı olması ciddi narazılıq yaradır. Elə xəstəliklər var ki, onların dərman vasitələrinin qəbulu gecikdirilə bilməz. Yəni birbaşa dərmandan asılı olan xroniki xəstəliklər var ki, bunlardan ölkəmizdə ən çox yayılan onkoloji, diabetik, allergik, hipertoniya və psixoloji xəstəlikləri qeyd edə bilərik.

Bir faktı da qeyd edək ki, hələ 2015-ci ildə Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"nı təsdiqləyib. Bu sənəd Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini və onlara nəzarətin həyata keçirilməsi qaydalarını müəyyənləşdirir. Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.


Bəs digər qonşu dövlətlərlə müqayisədə dərman preparatlarının qiymətləri necə fərqlənir? Sadəcə bir neçə dərmanın qardaş Türkiyədəki satış qiymətinin müqayisəsini apardıq.


Elocom (Dəri xəstəlikləri üçün) - Azərbaycanda - 8-12 AZN, Türkiyədə 28 TL (3.04 AZN)
Janumed (Diabet xəstəlikləri üçün) - Azərbaycanda 68 AZN, Türkiyədə 137 TL (14.88 AZN)
Decapeptyl (Onkoloji xəstəliklər üçün) - Azərbaycanda 114-233 AZN, Türkiyədə 388 TL (42.14 AZN)
Femara (Onkoloji xəstəliklər üçün) - Azərbaycanda 95 AZN, Türkiyə 165 TL (17.92 AZN)

Yəqin ki, dəfələrlə şişirdilən və birbaşa xəstə insanların məcburiyyəti üzərindən qazanılan pullar dərman biznesi ilə məşğul olan ayrı-ayrı iş adamlarını da razı salır. Bəs kəmiyyət və keyfiyyət arasındakı uçurum, bizi hansı nöqtəyə aparır?

Müstəqil tibbi ekspert, həkim Abdulla Şıxlinski məsələyə çoxşaxəli yanaşır. Ekspert bildirir ki, hələ sovetlər dönəmində dərman preparatları bir neçə respublikadan - Belarusdan, Ukraynadan, hissəvi olaraq Qazaxıstandan gətirilirdi. SSRİ dağılandan sonra postsovet respublikalarının bir çoxunda dərman istehsalı yox idi. Bir vaxtar Bakıda əczaçılıq zavodları vardı. Ancaq onlar ciddi dərman preparatı buraxmaq gücündə deyildi: "Azərbaycan müstəqillik əldə edəndən sonra da dərman istehsalı ilə məşğul olmayıb. Ola bilər ki, dərman istehsalı iş adamlarına maraqlı deyil və s. Hesab edirəm ki, burada ən böyük problem Azərbaycanda ümumiyyətlə əczaçı kadrların olmamasıdır. Bizdə yalnız belə kadrları apteklərdə görə bilərik. Tibb Universitetində müvafiq fakültə olsa da, kadrlar yox dərəcəsindədir, mürəkkəb dərman preparatları hazırlamağı bacaran mütəxəssislər yoxdur. Dərman preparatları hazırlamaq olduqca məsuliyyətli işdir. Onların tərkibi, təmizlənmə texnologiyası mürəkkəbdir. Bütün dərman problemimizin kökündə elə bu məsələ durur. Özümüzdə istehsal olmadığından məcburuq ki, dərmanları kənardan alaq.



Bilirsiniz ki, heç bir sahə dövlətin monopoliyasında deyil, biz kapitalizm şəraitində yaşayırıq. Bunu edən isə ayrı-ayrı iş adamlarıdır, hansı ki, onlar dərmanların gətirilməsi ilə məşğuldurlar. Ona görə də, o adamlar prosesi özlərinə sərf edən məcraya yönəldirlər. Burada hər şey gəlir baxımından qiymətləndirilir. Onkoloji, allergik, diabet, psixotrop xəstəliklərində istifadə edilən preparatlar strukturuna görə mürəkkəblik baxımından ilk sıralardadır. Psixatrop dərmanlar da bura aiddir. Həmin preparatlar istehsal olunduqları yerlərdə də bahadır. Xüsusən Qərb ölkələri, Rusiya, Ukraynada. Dərmanların gətirilməsində də üzərinə pul qoyulur və çox baha başa gəlir. Bu bizneslə məşğul olan iş adamları öz maraqları üçün qiyməti qaldıranda, bir az da apteklər üstünə əlavə edəndə dərman on dəfəyədək bahalaşır".

Ekspert onu qeyd edib ki, Azərbaycanda dərmanların qiymətinin süni qaldırılması prosesi var və bunun arxasında da firmalar dayanır:

"Bu firmalar ölkə daxilindən idarə edilmir, Qərb dövlətlərinin xüsusi strukturu tərəfindən idarə edilir. Ölkəmizdəki firmalar da onların yerli filiallarıdır. Bəzən qiymətlər o dərəcədə bahalaşır ki, insanlar onu ala bilmirlər. Xüsusən psixoterapiyada istifadə edilən dərmanların qiyməti bahalaşıb. Düşünün ki, bu xəstələr ömürlərinin axırına qədər həmin dərmanları istifadə etməlidirlər. Onda görün proses nə qədər çətinləşir. Bu məsələnin yeganə həlli Azərbaycanda dərman preparatlarının istehsalının təşkilidir.

Dərmanların keyfiyyətinin aşağı olması məsələsinə gələk. Preparatları xaricdən gətirən adamlar maraqlıdır ki, onları ucuz qiymətə alsınlar. Ucuz qiymətə alınan dərmanların isə keyfiyyəti aşağı olur. Heç vaxt keyfiyyəti yüksək istehsal edilən dərmanlar ucuz qiymətə satılmaz. Tutaq ki, qan təzyiqini salan dərman preparatıdır. İnsan onu qəbul edir, amma təzyiq stabilləşmir. Baxmayaraq ki, tərkib olaraq dərman güclü göstərilib. Təsir edir, amma çox aşağı səviyyədə. Çünki farmakoloji standartlara cavab vermir. Ona görə də, vətəndaşlarımız xarici ölkədən dərmanlar alırlar.

Ümumiyyətlə, ölkəyə gətirilən dərman preparatlarının keyfiyyətinə cavabdeh qurumlar olmalıdır. Bizdə Səhiyyə Nazirliyinin tərkibində bu işə nəzarət edən qurum var. Lakin görünür, nəzarət müsbət deyil.

O ki qaldı həkimlərin firmalarla əlbir işləməsinə, bu, bir biznesdir. Hər bir firma ayaqda qalmaq üçün pul qazanmalıdır. Ona görə də öz dərmanlarını satmaldırlar. Bunu isə həkimlərin əli ilə həyata keçirirlər"


.

Həkim, fitoterapevt Elnur Eldaroğlu firmalarla işləyən həkimlərin bəzən xəstəyə əlavə dərmanlar təyin etdiyini bildirib:

"Bəzi xəstəliklər kəskin, bəziləri xroniki olur. Kəskin xəstəliklər zamanı dərmanlara ehtiyac olur. Xroniki xəstəliklərdə isə uzun müddət içiləcək dərmanlar və hətta o dərmanların da yan təsirlərinin qarşısını almaq üçün dərmanlar yazılır. Məsələn, infeksion xəstəliklər zamanı antibiotiklər təyin olunmalıdır. Bu, həm böyüklər, həm də uşaqlar üçün keçərlidir. Ancaq bəzən həkimlər tərəfindən uşaqlara eyni vaxtda bir qrupdan olan müxəlif antibiotiklər təyin olunur. Halbuki uşaq onlardan çox yüngül dərəcəli biri ilə müalicə olunub xəstəliyi dəf edə bilər. Nəyə görə uşaqlara bu qədər dərman təyin olunur? Onların hər birinin tərkibində bəzi tefalasforinlər qrupu, elə maddələr var ki, uşaqlarda allergiya, hətta şok belə yarada bilir. Məsələn, həkimlər qızdırması olan, boğazı ağrıyana istənilən xəstəyə antibiotik yazırlar. Normalda isə antibiotik necə yazılmalıdır? Əvvəla, problemin haradan qaynaqlandığını tapmaq lazımdır. Əgər sidiklə bağlı bakterial problem varsa, sidik əkilməlidir, boğaz və ya burunda problem varsa, yaxma götürərək hansı bakteriyanın olduğunu müəyyən edib sırf onun üçün davamlı və həssas olan antibiotiklər nəzərə alınmalıdır. Həssas olanları istifadə etmək olar, davamlı olanları isə olmaz. Uşaqları müalicə zamanı xüsusilə bir sıra antibiotiklər geniş istifadə olunur. Bunun təbii ki, yan təsirləri də var. Məsələn, uzun müddət istifadə edilən bir sıra dərmanlardan sonra öd kisəsində palçıq yaranır, qaraciyər və böyrəklərin funksiyasına təsir edir, ishal baş verir və s. Ona görə də əvvəlcə diaqnoz qoyulması çox önəmlidir.

Firma dərmanlarına gəldikdə isə indi tanıdığımız aspirinlər belə hər hansı firma tərəfindən istehsal olunur. Firma da onu həkimlərə çatdırır. Dünyada müxtəlif tibbi mövzulu beynəlxalq konfranslar keçirilir, hər hansı bir şirkət bu konfransları təşkil edir. Misal üçün, aspirin qrupu olan şirkətlər, xolestrini aşağı salan maddələr tərkibli dərman firmaları. O demək deyil ki, bunlar firma dərmanlarıdır və pisdir. Hər bir dərman preparatı təyinatı üzrə düzgün təyin edilməlidir.

Qiymət və keyfiyyət barədə danışanda, əbəttə ki, fərqlər var. Adi istifadə etdiyimiz "Voltaren" məlhəmi Türkiyədə daha keyfiyyətlidir. Hətta qiyməti də aşağıdır. Eynilə digər bir çox dərmanlar var ki, Türkiyə, Gürcüstan, Rusiyada qat-qat ucuz, amma keyfiyyətlidir".

Yaşamaq insanın təbii hüquqları içində birincisidir. Dövlət isə vətəndaşlarının bu hüququnu təmin etmək üçün digər vəzifələrlə birlikdə, onun səhiyyə xidmətlərinə ehtiyacını və əlçatanlığını təmin etməlidir. Bütün bu proses dövlət orqanları və səhiyyə ilə bağlı səlahiyyətli qurumlar tərəfindən tənzimlənməlidir. Təəssüf ki, Səhiyyə Nazirliyi hələ ki vətəndaşlarda bu inamı yarada bilmir. O ki qaldı dərmanlara, əvvəlcə işə heç olmasa keyfiyyətli dərmanların insanlar üçün əlçatan olmasını təmin etməkdən başlaya bilərik. Bunun üçünsə dərman bazarındakı başlı-başınalığa son qoymaq lazımdır. /525.az/