Azərbaycanda dopinqdən istifadə edənlərin statistikası

  • 2021.11.29 18:32
  • 1244 Baxış
Azərbaycanda dopinqdən istifadə edənlərin  statistikası
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017-2021-ci illər üzrə aşkarlanmış antidopinq qayda pozuntularının statistikasını açıqlayıb.

Medicina.az xəbər verir ki, AMADA-dan verilən məlumata görə, qurumun 5 illik fəaliyyəti dövründə bu cür halların sayı kəskin azalıb.

2013-2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanıbsa, AMADA-nın fəaliyyətə başlamasından sonra bu rəqəm iki dəfə azalaraq 20-yə bərabər olub.

Azərbaycanda təkcə 2013-cü ildə beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) son 5 ildəkindən (21 ədəd) çoxdur.

AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə 0,5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0,2 faiz təşkil edib.

İllər üzrə aşkarlanan antidopinq qayda pozuntularının statistikası

İl

Keçirilən testlər

Aşkarlanan antidopinq qayda pozuntuları

Aşkarlanma faizi

2017

487

21

4.3 %

2018

817

27

2.5 %

2019

1594

21

1.3 %

2020

1046

5

0.5 %

2021

1041

2

0.2 %

Son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb. 2018-ci ildə isə əvvəlki ildən daha 6.5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə, həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.