“Azərbaycanda kovidin müalicəsi qaydaları əvvəldən səhv və uğursuz idi"– Əlizamin Sadıqov- MÜSAHİBƏ

  • 2021.10.06 16:12
  • 9730 Baxış
“Azərbaycanda kovidin müalicəsi qaydaları əvvəldən  səhv və uğursuz idi" – Əlizamin Sadıqov- MÜSAHİBƏ


Kovid pandemiyası bütün dünyada infeksion xəstəliklər və pulmonologiya sahəsi üzrə problemləri, boşluqları üzə çıxartdı.

Azərbaycanda kovid xəstələrini evlərdə sahə həkimləri, terapevtlər, hətta tibb bacıları müalicə edirdi. Bu isə kovid qurbanlarının və daha doğrusu, yanlış müalicə qurbanlarının sayını artırdı. Hətta xəstəxanalara yetəcək qədər infeksionist, pulmonoloq kadrı çatışmırdı.

Virusla əlaqədar 2 ildir ki, antibiotik müalicəsi almayan vətəndaş demək olar ki, qalmayıb.

Bu qarışıq durumda əsl mütəxəssislərin, peşəkarların səsi isə az eşidilir.

Medicina.az Azərbaycanın tanınmış pulmonoloqu, Avropa, Amerika pulmonoloq cəmiyyətlərinin üzvü, professor, bir müddət Avropada çalışmış mütəxəssis Əlizamin Sadıqovla kovid müalicəsində yol verilən səhvlər, pandemiyanın sonu, Azərbaycanda ağciyər xəstəlikləri üzrə problemlər ətrafında söhbətləşib.


Professor müsahibəsində kovidi orta və ağır keçirmiş, xüsusən stasionarda yatan, intubasiya olunan, ağciyərlərinin 50%-dən çoxu zədələnmiş xəstələrin hətta 1 il keçməsinə baxmayaraq ciddi tənəffüs problemi yaşadığını və kovid xəstələrinin çoxunun sonradan müayinə, müalicə nəzarətində olmasının, reabilitasiyasının vacibliyini vurğulayıb.


“Respirator distress sindromu keçirən, reanimasiyada yatan və ciddi sınaqlardan keçib sağ qalan xəstələr bundan sonrakı dövrdə daha ciddi reabilitasiya proqramından keçməlidir. Əfsuslar olsun ki, bu xəstələr heç bir reabilitasiyaya cəlb olunmur, taleyin ümidinə buraxılıb. Bu ölkədə mümkün deyil. Belə insanların həyatı inanın yaxşı deyil. Nə qədər insanlarda ağciyərlərdə qalıq izlər qalacaq və onlara əziyyət verəcək? Daim oksigendən asılı qalmaq, fibrotik, sistik dəyişikliklər nə qədər qalacaq. İkincili infeksiyanın, göbələk infeksiyasının qoşulması da bir tərəfdən. Harda ki, lazımsız, yersiz olaraq kovid xəstələrinə antibiotik qoşulması olubsa, orda mütləq bir sağalmayan infeksiya ocağının, göbələk infeksiyasının yaranması təhlükəsi var. Belə xəstələrin gələcəyini düşünməliyik, müalicə davam etməlidir.

Təcrübəmdən deyə bilərəm ki, bu gün bir il, il yarım əvvəl infeksiyanı keçirmiş xəstələrdə ciyərdə olan ciddi dəyişikliklərin hələ də qaldığını görürük. Ağciyərlərində ciddi problem yaşamış olan şəxslərdə izlər, problemlər bəlkə də illərlə qalacaq. Bu adamların aqibəti bizi narahat etməlidir”.



Bəs kovid pandemiyası nə qədər davam edəcək? Yeni ştammlar olacaqmı?


“Düşünmürəm ki, bu il biz pandemiyadan xilas olaq. Yeni ştammların olacağı aktualdır. Azərbaycanda üçüncü dalğanın mənbəyi delta ştammıdır. İnsanlarda adi qrip epizodu ilə başladı, hamı düşündü ki, məndə dənizdən, sudan soyuqdəymədir, kovid deyil. Amma görün nələr baş verdi. Arxayınlaşan insanların ağciyərlərində görünməmiş vəziyyət yarandı. Delta ağciyərlərdə çox ciddi problemləri sürətlə yaratdı. Bu ştamm cəmiyyət üçün çox təhlükəlidir, aqressivdir. Bir ailədə 10 nəfər varsa, hamısına yoluxdu. Hospitallaşan xəstələr çoxaldı, harda ki, hospitallaşma varsa, orda da ölüm faizi yüksək olur. Bu xəstələrin həyatda qalması sual altındadır.


Baxın görün, o ölkələrin ciddi mükəmməl səhiyyə sistemi yoxdur, orda ölüm səviyyəsi düşmür. Qonşu Rusiyada koviddən ölüm faizi çox yüksəkdir. Bu onu göstərir ki, səhiyyə mənbələri tükənmək üzrədir.

İstənilən halda, kovidə qarşı mübarizədə ən effektiv mübarizə vaksinasiyadır. 2 doza vaksin alanlar, 6 ay sonra yenidən daha güclü bir vaksin vurdursunlar. Bəlkə də cəmiyyətimizin xilası üçün vaksindən önəmli bir şey yoxdur.

Yeni bir məlumat da odur ki, kovidə qarşı yeni dərman hazırlanır. Yaxın zamanda kütləvi olaraq çıxarılır. Bu neytrallaşdırıcı antibodilərdir. Ölüm riski olan xəstələrə virusa yoluxduğu ilk günlərdə vurulsa ağırlaşmanın qarşısını alacaq”.


Həkimin ətraflı müsahibəsini videoda izləyə bilərsiniz: