Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə işgüzar səfərdə olan Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Medicina" xəbər verir ki,  Rektor görüş iştirakçılarını ATU-nun fəaliyyəti, beynəlxalq standartlara uyğun tədris sistemi, həyata keçirilən islahatlar, müasir elmi-tədqiqat istiqamətləri və universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlərlə tanış edib. Gəray Gəraybəyli həmçinin ATU ilə Ukraynanın Bogomolets adına Milli Tibb Universiteti, Xarkov Milli Tibb Universiteti və digər nüfuzlu elmi-tədris müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumları barədə məlumat verib.
 
O, görüş zamanı Azərbaycanın hərbi həkimlərinin İkinci Qarabağ müharibəsi dövründə göstərdiyi fədakarlıq və peşəkarlıqdan söz açaraq Ukrayna xalqına tezliklə sülh və rifaha qovuşmağı arzulayıb.
Öz növbəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko səmimi qəbula görə təşəkkürünü bildirərək səfərin əhəmiyyətindən bəhs edib. Nazir Azərbaycan Tibb Universiteti əməkdaşlarının fəaliyyətini və tibb elminin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib.
Viktor Lyaşko vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında dostluq münasibətləri qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. O, səhiyyə, tibb təhsili və elmi-tədqiqat istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını, bu istiqamətdə birgə təşəbbüslərin dəstəklənəcəyini qeyd edib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov Ukrayna səhiyyə nazirliyi ilə birgə icra edilən uğurlu layihələr haqqında məlumat verib, xüsusilə tibb təhsilin təkmilləşdirilməsi üzrə. O, həmçinin ötən illər ərzində nazirliyin gördüyü mühüm işlərdən və tibb sahəsindəki islahatlardan söhbət açıb.
Görüş qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsi, yeni əməkdaşlıq imkanlarının və gələcək tərəfdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, nümayəndə heyəti üzvləri olaraq Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev, Ukrayna Ali Radasının Səhiyyə, Tibbi Yardım və Tibbi Sığorta Komitəsinin sədri Mixailo Radutski, Ukrayna səhiyyə nazirinin müavini Edem Adamanov, Ukrayna Milli Xərçəng İnstitutunun baş direktoru Stepan Krulko, Xarkov Milli Tibb Universitetinin elmi işlər üzrə prorektoru Oksana Nakoneçna və Ukrayna Milli Uşaq Xüsusi Xəstəxanası “OKHMATDYT”in baş direktor vəzifəsini icra edən Oleksandr Urin , Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektor, professor Anar Ağayev, Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Ümumi işlər üzrə prorektor Nizami Adilov, Təsərrüfat işlər üzrə prorektor İlqar Mehrabov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Törə Sadıqova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova da görüşdə iştirak edirdilər.
MEDİCİNA.AZ